Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi yekunlaşıb. Bu barədə bu gün, mayın 26-ı, Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov məlumat verilib.
MSK sədri bildirib ki, ölkə üzrə 6 milyon 302 min 93 nəfər seçici var: "28 min 390 nəfər seçicimiz bu il səsvermə hüququ qazanıb...".
Seçki Məcəlləsinin tələblərinə əsasən, hər il məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına (DSK) təqdim etməlidir. DSK-lar isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil verməlidir. MSK da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirməlidir. Bu prosesə ən gec mayın sonuna qədər yekun vurulmalı və ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı MSK-ın rəsmi internet səhifəsində yerləşdirilməlidir.
Seçici sayı artıb, amma ötən ilin sonuna doğru azalmışdı
Amma maraqlıdır ki, bu rəqəmlər MSK-nın ötən il açıqladığı statistika ilə ziddiyyət təşkil edir. MSK ötən ilin sonunda (2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ərəfəsində) bildirmişdi ki, Azərbaycanda seçici sayında azalma var. Qurumun dekabrın 18-də keçirilən iclasında vurğulanmışdı ki, Azərbaycanda 5 milyon 876 min 428 nəfər seçici var.
Ötən il mayın 27-də isə MSK açıqlamışdı ki, ölkədə səsvermə hüququ olan 6 milyon 326 min 764 şəxs var. Halbuki, həmin ilin fevralında, növbədənkənar prezident seçkisindən əvvəl isə bu rəqəm 6 milyon 478 min 623 nəfər göstərilmişdi.
Hələlik, bütün bu ziddiyyətlərə qurumdan münasibət almaq mümkün olmayıb. Amma MSK ötən il vurğulamışdı ki, seçici siyahıları daim yoxlanılır və təkmilləşdirilir.
Azərbaycanda seçici sayı daim müzakirə mövzusu olub və ona zaman-zaman həm beynəlxalq təşkilatlardan, həm də yerli müşahidəçilərdən şübhələr ifadə edilib. Hətta bununla bağlı Azərbaycanın ayrı-ayrı dövlət qurumlarından fərqli rəqəmlər də dilə gətirilib. Bununla belə, bəzi ekspertlər bildirmişdilər ki, bələdiyyə seçkilərində seçicilərin sayının azalması anlaşılandır, çünki yeddi dairədə səsvermə keçirilmir.
Amma rəsmi rəqəmlərin təhlili onu da göstərir ki, ötən ilin əvvəli ilə müqayisədə indinin özündə belə seçici sayı aşağıdır. Halbuki, Dövlət Statistika Komitəsi son bir ildə əhali sayının azalmadığını, əksinə artdığını bildirib. Rəsmi qurumlar bu uyğunsuzluğa da aydınlıq gətirməyib. Bununla belə bəzi dönəmlərdə rəqəm fərqləri miqrasiya amili ilə də izah edilib. Amma miqrasiya amilinin tez-tez bu rəqəmlərə ciddi şəkildə təsir edib-etməsi də əlavə suallar doğurub. Ölkə müxalifəti hesab edir ki, Azərbaycanda seçici siyahısının obyektiv və alternativ formada araşdırılmasına ehtiyac var.