Mayın 26-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM-in) rəhbəri, bir ildən çoxdur həbsdə olan Anar Məmmədlinin məhkəməsi başlanıb. O, ictimai fəal Anar Abdullayla birlikdə mühakimə edilir. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Aygün Qurbanovanın sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Həbsdə saxlanmayan A.Abdulla A.Məmmədlinin işi üzrə istintaqın sonunda təqsirləndirilən şəxs kimi cəlb olunub və barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.
A.Məmmədlinin vəkilləri məhkəmə gedən dövrdə onun da ev dustaqlığına buraxılmasını istəyiblər. Bundan ötrü vəkil Elçin Sadıqov mayın 26-da məhkəmənin hazırlıq iclasında vəsatət qaldırıb: "Anar Məmmədli cəmiyyətdə tanınmış simadır. Onun fikrincə, həbsinin əsl səbəbi ölkədəki seçkiləri monitorinq edib bu barədə hesabatlar hazırlamasıdır. İstintaq vaxtı deyirdilər ki, buraxılsa, istintaqın gedişinə mane ola bilər. İndi mane olacağı nəsə də yoxdur".
Hakimlərsə A.Məmmədlini ev dustaqlığına buraxmaqdan imtina edərək deyiblər ki, onun həbsi üçün əsaslar aradan qalxmayıb.
İctimai fəal A.Abdullanın vəkili vəsatət qaldıraraq müvəkkili haqqında cinayət işinə xitam verilməsini istəyib. Müdafiəçi Günay İsmayılova deyir ki, A.Abdulla ortada heç bir mötəbər sübut, hətta sənədlərin əsli də olmadan cinayət məsuliyyətinə cəlb edilib.
Bu vəsatət də təmin edilməyib.
Məhkəmə prosesi iyunun 2-nə qalıb.
Xatırlatma
A.Məmmədli ötən il aprelin 29-dan həbsdədir. Ona qarşı öncə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülsə də, istintaqın sonunda əlavə maddələrlə ittiham ağırlaşdırılıb. Həmin maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
A.Məmmədli özünü təqsirli bilmir, siyasi sifarişlə həbs olunduğunu deyir.
SMDT rəhbəri daha öncə 2013-cü ilin sonlarında saxlanmışdı. O, həmin vaxt qanunsuz sahibkarlıq, vergidən yayınma və başqa ittihamlarla 5 il 6 ay azadlıqdan məhrum edilmişdi.
A.Məmmədli o zaman da ittihamları qəbul etməmişdi. Bir sıra yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanımışdı. A.Məmmədli 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılmışdı.
Bütövlükdə götürəndə 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Sonra onlardan bəzilərinin ittihamı daha bir neçə maddə ilə ağırlaşdırılıb. Söhbət külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırma və başqa ittihamlardan gedir. Amma onların hamısı bu ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 350 nəfərdən çox siyasi məhbus var.
Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir.