Keçid linkləri

2025, 29 May, Cümə axşamı, Bakı vaxtı 02:12

'İnana bilmirəm'- Oğlunun Ukraynada döyüşmədiyindən döyülüb öldürülməsindən şübhələnir


Andrey Lajiyev ordudan əvvəl və hərbi xəstəxanada
Andrey Lajiyev ordudan əvvəl və hərbi xəstəxanada

Noyabrın əvvəllərində 19 yaşlı rusiyalı çağırışçı Andrey Lajiyev orduya çağrılmasından cəmi dörd ay sonra Sevastopoldakı hərbi dəniz hospitalında dünyasını dəyişib.

AzadlıqRadiosunun Sever.Realii xidmətinin araşdırdığı sənədlərdə deyilir ki, gəncin ölümü beyindəki şişkinliklə bağlı olub.

Ata-anası Andreyi xəstəxanada görməyə icazə ala bilməyiblər. Onlara övladlarının nə zaman və necə yaralanması barədə bilgi də verilməyib. Üstəlik, heç övladlarının cənazəsini götürməyə də qoymayıblar.

Ancaq valideynlərinin Andreyin ölüm səbəbi ilə bağlı şübhələri var. Onlar düşünürlər ki, Andreyi Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur etməyə çalışarkən döyərək öldürüblər. O, həmin müqaviləni imzalamaqla Ukraynada döyüşmək üçün göndərilməsinə razılıq verməli idi.

"O, harada olduğunu da dəqiq bilmirdi"

Andrey orduya çağrılmasından heç bir ay ötmədən sentyabrın sonlarında ata-anasına Rusiyada hərbi təlimini bitirib, digər çağırışçılarla birlikdə Krıma göndərildiyini və səhra xəstəxanasında olduğunu deyib.

"O, harada olduğunu da dəqiq bilmirdi. Təkcə hamının çöldə çadırlarda yaşadığını və ətrafda dağların olduğunu dedi. Özünü pis hiss etdiyini və davamlı ürəkbulanması olduğunu da söylədir", - Andreyin atası Nikolay Lajiyevin AzadlıqRadiosuna dediyi sözlərdir.

19 yaşlı gəncin Rusiyanın şimal-qərbində yerləşən Kareliya bölgəsində yaşayan valideynləri yerli çağırış idarəsinə gedərək

oğullarının harada olduğunu və nə üçün xəstəxanaya yerləşdirildiyini öyrənmək istəyiblər.

"Hərbi komissar yalnız əllərini yelləyib dedi ki, çağırışçıların harada olması haqda məlumatı yoxdur. Sonra da onlar ümumiyyətlə bizimlə danışmağı dayandırdılar", - ata Lajiyev belə deyir.

Son nəticədə valideynlər Andreyin bir neçə gün içərisində xəstəxanadan buraxılıb, iki həftə sonra - oktyabrın 6-da Krımın şimalındakı Armyansk şəhərinə göndərildiyini öyrənə biliblər.

Nikolay Lajiyev
Nikolay Lajiyev

Daha sonra onlar oktyabrın 23-dək oğullarından xəbər ala bilməyiblər. Oktyabrın 23-də atası sosial mediada Andreyin otaq yoldaşı olduğunu deyən bir nəfərdən mesaj alıb.

Həmin şəxs ataya – Nikolay Lajiyevə deyib ki, Andrey oktyabrın 8-də Sevastopoldakı hərbi dəniz hospitalına yerləşdirilib, özü də çox pis haldadır – normal yeriyə və görə bilmir, üstəlik, aramsız qusur.

"Görüntü dəhşətli idi"

Zəng əsnasında otaq yoldaşı telefonunu Andreyə ötürüb. Andrey atasına telefonunu itirdiyini, başına nə gəldiyindən və xəstəxanaya necə düşdüyündən xəbərsiz olduğunu deyib.

Otaq yoldaşı Andreyin fotosunu göndərəndə valideynlər sarsılıblar.

"Əvvəlcə biz onu heç tanımadıq. Görüntü dəhşətli idi", - atası deyir. Onun sözlərinə görə, orduya çağrılan zaman çəkisi 100 kiloqramı aşan oğlu şəkildə 60 kiloqramdan da az görünürdü: "Dərhal xəstəxanaya zəng vurmağa başlasam da, heç kim bizimlə danışmadı. Mən oğlumun diaqnozunu müəyyənləşdirmək istəyirdim. Həkimlərdən biri sadəcə "səlahiyyətli" şəxslərlə danışacağını dedi".

Nikolay Lajiyev nə qədər çalışsa da, o həkimin adını öyrənə bilməyib. Düzü, xəstəxanada heç kəs kimliyini açıqlamayıb.

Andreyi xəstəxanada ziyarət etməyə çalışan valideynlərinə deyilib ki, ayrıca icazə olmadan buna imkan verilməyəcək. İcazə almaq cəhdləri isə boşa çıxıb.

Daha sonra ailə Andreyin oktyabrın 21-də beyin müayinəsindən keçdiyini öyrənib. İki gün sonra psixiatr onlarla əlaqə saxlayaraq heç bir daxili xəsarətin aşkar edilmədiyini və Andreyin psixiatriya şöbəsinə yerləşdirildiyini bildirib.

"Ev üçün darıxma sindromu"?

Valideynlərə deyilib ki, Andreyin vəziyyəti psixoloji travmanın nəticəsidir.

"Mənə dedilər ki, guya Andrey xidmət etməyi o dərəcədə istəməyib ki, sinir böhranına bənzər bir şey keçirib. Onlar buna "ev üçün darıxma sidromu" adını veriblər", - ata Nikolay Lajiyevin sözləridir.

"Ancaq psixiatr bunu da dedi ki, Andreyin bədənində açıq-aşkar döyülmə əlamətləri görüb", - yenə atanın dediklərindəndir.

Oğulları ilə telefon bağlantısını itirməyən ailə onunla sonuncu dəfə oktyabrın 26-da danışa bilib. Daha sonra hospitaldakı otaq yoldaşı zəng vuraraq Andreyin reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib.

Andrey Lajiyev
Andrey Lajiyev

Ata Nikolay bir tibb işçisi ilə əlaqə saxlaya bilib. O, Nikolaya Andreyin beyin qanaması keçirdiyini söyləyib.

Nikolayın sözlərinə görə, bütün bunlara baxmayaraq, ona deyilib ki, oğlu bəzi dərmanlar atsa da, güvənli əllərdədir və hərbi dəniz hospitalında "hər şey var".

Sonrakı telefon danışıqlarında isə xəstəxana əməkdaşları Andreyin valideynlərinə deyiblər ki, Sevastopol müharibə zonasında yerləşdiyindən övladlarını ziyarət edə biməyəcəklər. Ancaq həkimlər Andreyin daha güvənli yerə köçürüləcəyinə də söz veriblər. Di gəl, köçürmə baş verməyib. Ailəyə Andreyin durumunun çox ağır olduğu deyilib. Ata-ana, nəhayət, noyabrın 1-də xəstəxananı ziyarət etmək üçün sənədləri əldə edə bilsə də, artıq çox gec olub. Ertəsi gün onlar Moskva hava limanından Krıma yola düşərkən Andreyin öldüyünü öyrəniblər.

"Mən hələ də Andreyə nə olduğunu bilmirəm. Ən pis şey hər şeyi görüb heç nə edə bilməməkdir", - ata Nikolay belə deyir.

Bir neçə gündən sonra məsələ bir qədər aydınlaşıb

Özünü komandir kimi tanıtsa da, adını, rütbəsini bildirməyən bir nəfər ata Nikolay ilə Telegram-da əlaqə saxlayaraq Andreyin ölüm şəhadətnaməsinin fotosunu göndərib. Sənəddə Andreyin "beyin şişməsi və beyin kökünün daxili qanaması"ndan öldüyü göstərilib.

"Hər şey açıq-aşkar yazılmışdı". Ata Nikolay sənəddə Andreyin ölümündən bir ay əvvəl bilinən diaqnozun göstərildiyini deyir: "Bu şişkinliyin nədən əmələ gəldiyi bilinmir. Oğlum bir ay can verir və onlardan heç bir xəbər-ətər olmur. Elə bilirəm o, evakuasiya olunsaydı, bu gün sağ olardı".

Atası xatırlayır ki, Andreyin tərəddüdü olsa da, ondan dəfələrlə Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq tələb edilib.

Rusiya qanununa görə, ikiillik hərbi xidmətə çağrılanlar ölkə xaricində döyüşməyə göndərilə bilməzlər. Bu o deməkdir ki, belələri Ukraynaya da göndərilə bilməzlər. Ancaq Rusiyanın 2014-cü ildə Ukraynaya məxsus Krım yarımadasını ilhaq etməsi və Ukraynanın qismən işğal edilmiş dörd bölgəsini öz ərazisi elan etməsi bu qanundan sui-istifadəyə - çağırışçıların həmin bölgələrə göndərilməsinə qanuni don geydirməyə imkan verib.

Bu fakt və çağırışçıların müqavilə imzalamağa məcbur edilməsi haqda xəbərlər Nikolay Lajiyevi oğlunun döyülərək öldürüldüyünü düşünməyə vadar edir.

"Heç kimin heç nəyi açıqlamaması şübhələri daha da artırır. Heç kim həqiqəti söyləmir", - atanın sözləridir.

XS
SM
MD
LG