Dünya xəbərləri
Ermənistan MDB Oyunlarına ev sahibliyi edə bilməyəcəyini deyir

Yerevan “sıx idman tədbirləri cədvəlinə” görə 2027-ci ilin MDB Oyunlarına ev sahibliyi edə bilməyəcək.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu mayın 24-də Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Karen Giloyan deyib.
Nazir izah edib ki, MDB-nin İdman və Mədəniyyət Şurası birliyin 2027-ci il Oyunlarının Yerevanda keçirilməsini təklif edib.
Giloyan təəssüf etdiyini deyib ki, Ermənistan həmin vaxt üçün başqa böyük idman tədbirlərinə ev sahibliyini planlaşdırır və bunlardan biri də Frankofon İdman Oyunlarıdır.
Frankofon termini fransızdilli və ya bu dilin geniş danışıldığı ölkələri bildirir.
Nazir əlavə edib ki, 2027-ci ildə Ermənistanda habelə Avropa Gimnastika Çempionatı, ağırlıqqaldırma üzrə Dünya Çempionatı və Ümumerməni Oyunları keçiriləcək.
Giloyan bildirib ki, Yerevan 2029-cu ilin MDB Oyunlarına ev sahibliyi məsələsini müzakirə etməyə hazırdır.
Mayın 24-də habelə Rusiyanın Ermənsitandakı səfirinin məsləhətləşmələr üçün Moskvaya çağırıldığı xəbər verilib.
Ermənistan son aylarda Rusiyanın başçılıq etdiyi MDB-nin bir sıra tədbirlərində iştirak etməyib.
Aprelin 12-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB ölkələrindən olan həmkarları ilə görüşdə iştirakdan imtina etmişdi. Rəsmi məlumatda görüşdən imtinanın səbəbi göstərilmirdi.
Xatırlatma
Müstəqil Dövlətlər Birliyi 1991-ci ildə SSRİ-nin çökməsindən dərhal sonra keçmiş sovet respublikaları tərəfindən təsis edilib.
Rusiya təcavüzü ilə üzləşən Gürcüstan və Ukrayna Moskvanın başçılığı altında olan birliyi artıq tərk ediblər.
Birlikdə iştirakını de facto dayandırmış Moldova isə bildirib ki, qurumu ilin sonlarınadək tamamilə tərk etməyi planlaşdırır.
Bütün xəbərləri izləyin
AP: Rusiya əsirliyində 200-dən çox ukraynalı hərbçi həlak olub

"The Associated Press" (AP) Ukrayna Baş Prokurorluğunun məlumatlarına istinadən xəbər verir ki, Moskvanın Ukraynaya qarşı tammiqyaslı işğal müharibəsi başlayandan bəri azı 206 ukraynalı hərbçi Rusiya əsirliyində həlak olub.
Hüquq-müdafiə qruplarının, BMT-nin, Ukrayna hökumətinin və məhkəmə-tibbi ekspertin açıqlamalarına görə, Rusiya həbsxanalarında qəddar rəftar çoxsaylı ölümlərin baş verməsində ehtimal olunan əsas amillərdən biridir.
AP mənbələri bildiriblər ki, ölümün səbəbini müəyyən etmək həmişə mümkün olmur, çünki bəzən qurbanların daxili orqanları çıxarılmış olur, bəzi hallarda isə qançırlar və xəsarətlər gizlədilir. Ukraynanın Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahının nümayəndəsi Petro Yatsenko bildirib ki, Rusiya əsirlərin meyitlərini o vaxta qədər saxlayır ki, onların üzərində artıq heç nə müəyyən etmək mümkün olmasın. Ukrayna rəsmiləri hesab edir ki, Rusiya əsirlərin ölümünün əsl səbəblərini gizlətməyə çalışır.
AP həmçinin BMT-nin ötənilki hesabatını xatırladıb. Həmin hesabatda qeyd olunurdu ki, azad edilən ukraynalı hərbi əsirlərin 95 faizi həbsdə olarkən "sistemli" işgəncələrə məruz qalıb. Əsirlər döyülmə, elektrik cərəyanı verilməsi, boğulma, seksual zorakılıq, edamın imitasiyası və yuxudan məhrumetmə kimi zorakılıqlardan danışıblar.
Rusiya hökuməti AP-in şərh sorğusuna cavab verməyib. Daha əvvəl isə Rusiya Ukraynanı hərbi əsirlərlə qəddar rəftarda ittiham etmişdi. BMT bu ittihamların bir hissəsini təsdiqləsə də, Ukrayna tərəfindən baş verən pozuntuların həm miqyas, həm də ağırlıq baxımından Rusiyada törədilənlərlə müqayisədə xeyli az olduğunu bəyan edib.
Putin və Fidan Ukrayna ilə bağlı sülh səylərini müzakirə ediblər

Mayın 26-da Moskvada Rusiya prezidenti Vladimir Putin və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında baş tutan görüşdə tərəflər Ukraynadakı müharibənin sonlandırılması istiqamətində səyləri, İstanbulda Moskva və Kiyev arasında birbaşa görüşdən sonrakı prosesləri müzakirə edib. "Reuters" bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbəyə istinadən yazıb.
H.Fidan Rusiyaya ikigünlük səfəri çərçivəsində prezident Putinlə və Rusiyanın Ukrayna ilə danışıqlarda baş müzakirəçisi Vladimir Medinski ilə görüşüb. Türkiyənin baş diplomatının bu gün, mayın 27-də rusiyalı həmkarı Sergey Lavrovla görüşəcəyi bildirilib.
Rusiya və Ukrayna arasında gələcək danışıqlar üçün vaxt və yer razılaşdırılmasa da, NATO müttəfiqi Türkiyə dəfələrlə bu danışıqlara ev sahibliyi edə biləcəyini bəyan edib.
Mayın əvvəlində Moskva və Kiyevdən olan nümayəndələr 2022-ci ilin martından bəri ilk dəfə İstanbulda görüşüblər. Tərəflər arasında atəşkəs razılaşdırılmayıb, ancaq Rusiya və Ukrayna hərbi əsirlərin mübadiləsi (1000-ə 1000) və mümkün atəşkəs üçün şərtlərin yazılı şəkildə hazırlanması barədə razılıq əldə ediblər.
Türkiyəli mənbə bildirib ki, görüşdə Putin və Fidan Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün son vaxtlar həyata keçirilən təşəbbüsləri və İstanbulda aparılan danışıqlardan sonra baş verənləri müzakirə ediblər.
O əlavə edib ki, iqtisadiyyat və enerji məsələləri də müzakirə olunub.
Rusiya tərəfi mayın 26-da bildirib ki, danışıqların əsas mövzusu ikitərəfli münasibətlər olacaq, lakin Ukraynanın da müzakirə olunacağı istisna edilməyib.
Görüşdən əvvəl Türkiyə tərəfi bildirib ki, H.Fidan Ankaranın tərəfləri qəbul etmək təklifini təkrarlayacaq və "vasitəçi" rolunu davam etdirəcək.
Türkiyə XİN rəhbərinin bu həftənin sonunda Ukrayna rəsmiləri ilə görüşmək və İstanbul danışıqlarını müzakirə etmək üçün Kiyevə gedəcəyi gözlənilir.
Rusiya mənbələri Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər və Omanı danışıqlar üçün potensial ölkə kimi gördüklərini bildiriblər.
Çin Rusiyanın sanksiyalardan yayınmasının 80 faizinə cavabdeh sayılır

Almaniya Xarici İşlər Nazirliyinin (XİN) məxfi hesabatında bildirilir ki, Çin Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınma hallarının 80 faizinə görə məsuliyyət daşıyır. Sözügedən sənədə "Süddeutsche Zeitung" qəzeti, eləcə də NDR və WDR telekanalları çıxış əldə edib.
Sənəd Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Şurasının mayın 20-də Brüsseldə keçirilmiş iclasının yekunlarını ümumiləşdirir. Orada Rusiyaya qarşı sanksiya rejiminin genişləndirilməsi imkanları və artıq qəbul edilmiş tədbirlərin effektivliyi müzakirə olunub.
Hesabata görə, Aİ hesab edir ki, sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təsir göstərib. Rusiyanın "kölgə donanması" ilə mübarizədə müəyyən uğurlar əldə olunub. Aİ-nin sanksiyalar komitəsinin rəhbəri Devid O'Sallivan belə gəmilər tərəfindən ən çox istifadə olunan Türkiyə, Hindistan və Malayziyadakı limanlara sanksiyaların tətbiqi imkanını araşdırmağı təklif edib.
Qeyd olunub ki, Brüssel üçüncü ölkələr, xüsusilə də Ermənistan, Serbiya, Özbəkistan və Hindistan vasitəsilə Rusiyaya müharibə ilə bağlı malların ixracını məhdudlaşdırmaqda "müəyyən irəliləyiş" əldə edib. Ancaq eyni zamanda, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə ilə bağlı hələ də çətinliklərin olduğu bildirilib.
Almaniya XİN-in sənədində qeyd edilir ki, Aİ Rusiyaya qarşı sanksiyalardan yayınma ilə mübarizədə daha ABŞ-nin dəstəyinə ümid etmir. Bu məsələ ilə bağlı danışıqlar nəticəsiz qalıb.
Hesabata görə, O'Sallivan bəyan edib ki, artıq Aİ ilə ABŞ arasında sanksiyalar rejimi ilə bağlı təmas yoxdur və G7 ölkələri arasında Rusiyaya qarşı yeni məhdudiyyətlər üzrə əməkdaşlıq "sürətini itirib".
Ukraynaya verilən silahlarla bağlı məsafə məhdudiyyəti götürülüb

Qərb ölkələri Ukraynaya verilən silahların atəş məsafəsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb, - Almaniya kansleri Fridrix Merts WDR-in efirində bildirib.
"Ukraynaya göndərilən silahların atəş uzaqlığına artıq nə ingilislər, nə fransızlar, nə də bizim tərəfimizdən məhdudiyyət var. Amerika tərəfdən də belə bir şey yoxdur", - o vurğulayıb.
Merts əvvəllər dəfələrlə Ukraynaya hərbi yardımın artırılmasına, o cümlədən keçmiş kansler Olaf Şolts hökumətinin çatdırılmasını blokladığı uzaqmənzilli "Taurus" qanadlı raketlərinin verilməsinə çağırıb.
"Mən həmişə demişəm ki, bunu edərdim, ancaq avropalı tərəfdaşlarla razılaşdırmaqla",- o deyib. Merts xatırladıb ki, bəzi Qərb ölkələri artıq Ukraynaya uzaqmənzilli raketlər verir.
Bundan əvvəl Almaniya hökuməti Ukraynaya yeni hərbi yardım paketlərinin məzmununu ətraflı açıqlamamaq qərarına gəlib. Almaniyanın artıq Ukraynaya "Taurus" raketlərini göndərib-göndərmədiyini Merts bildirməyib.
Kremlin mətbuat katibi Dmitri Peskov Mertsin sözlərini şərh edərkən deyib: "Həqiqətdirsə, belə qərarlar potensial olaraq siyasi həll yoluna çıxmaq istəklərimizə ziddir".
Rusiya ordusu Baltik dənizində neft tankerlərini müşayiət etməyə başlayıb

Rusiya ordusu Baltik dənizində "kölgə donanması"na aid olduğu ehtimal edilən neft tankerlərini müşayiət etməyə başlayıb. Bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkanen "Yle" telekanalına müsahibəsində bildirib.
Müdafiə nazirinin sözlərinə görə, tankerlər Finlandiya körfəzindən keçərkən müşayiət olunur. Əməliyyatda hansı gəmilərin iştirak etdiyi açıqlanmır. Helsinki bildirib ki, hərbi eskortu təhlükə hesab etmir.
Hərbi müşayiət Finlandiya və Estoniya sərhədçiləri tərəfindən "kölgə donanması"nın tankerlərinin saxlanılmasından sonra başlayıb.
Aİ ölkələri bildirir ki, Rusiya neftini daşıyan köhnə tankerlər regionun ekologiyasını təhdid edə bilər. Bundan əlavə, Aİ sanksiyalar rejiminin müəyyən etdiyi qiymətdən yüksək qiymətə neft ticarətində iştirak edən gəmilərin sığortalanmasını qadağan edir.
Harvarda xarici tələbələrin qəbulu qadağan edilib

ABŞ hökuməti Harvard Universitetinin xarici tələbələri qəbul etmək imkanını əlindən alıb. Bundan əlavə, prezident Donald Trampın administrasiyası hazırda ABŞ-də təhsil alan xarici tələbələri başqa təhsil müəssisələrinə köçməyə məcbur edir, əks halda, onlar ölkədə qanuni qalmaq hüququnu itirəcəklər. Bu barədə mayın 22-də Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Nazir Kristi Noem Harvard Universitetinin tələbə mübadiləsi proqramını zorakılığı, antisemitizmi təşviq etməkdə və Çin Kommunist Partiyası ilə "koordinasiyalı" hərəkətlərdə günahlandıraraq onun sertifikatının ləğvinə göstəriş verib.
Daha əvvəl universitet Noemin rəhbərlik etdiyi qurumun tələbi ilə bəzi xarici tələbələr barədə məlumat verməkdən imtina etmişdi. "Universitetlər üçün xarici tələbələri qəbul etmək və onların daha yüksək təhsil haqqından yararlanaraq milyardlarla dollarlıq fondlarını artırmaq bir hüquq deyil, imtiyazdır", –Noem vurğulayıb.
Harvard Universiteti Tramp administrasiyasının minlərlə tələbəyə təsir edən addımlarını qanunsuz, qisas xarakterli və ali məktəbin akademik və tədqiqat missiyasını sarsıdan hərəkətlər kimi qiymətləndirib. Universitet zərər çəkmiş tələbələrə dəstək olacağını vəd edib.
"Reuters" universitetin statistikasına istinadən bildirib ki, 2024–2025-ci tədris ilində Harvard Universiteti 6 min 800-dək xarici tələbə qəbul edib ki, bu da ümumi tələbə sayının 27 faizini təşkil edir.
Prezident D.Tramp ölkə daxilində özəl kollec və məktəbləri yenidən qurmağa çalışır, onları anti-Amerika, marksist və radikal solçu ideologiyanı təbliğ etməkdə ittiham edir. Tramp Harvardı fakültə və ya rəhbər vəzifələrə tanınmış demokratları işə götürdüyünə görə tənqid edib.
Apreldə bildirilib ki, Tramp administrasiyası Harvard Universitetini vətəndaş hüquqları qanunlarını pozmaqda və antisemitizmlə lazımi səviyyədə mübarizə aparmamaqda günahlandıraraq universitetə 2.2 milyard dollar federal maliyyəni dayandıracağını elan edib. Ağ ev həmçinin Kolumbiya Universitetinə 400 milyon dollara yaxın maliyyəni dayandırıb. Bu addımlar 2023-cü ildən bəri İsrailin Qəzzada apardığı hərbi əməliyyatlardan sonra ABŞ universitetlərində Fələstinə dəstək xarakterli tələbə etirazları dalğasına cavab olaraq atılıb.
G7 nazirləri razılaşıblar ki, Ukraynada atəşkəs olmasa, Rusiyaya təzyiqləri artırsınlar

G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Kanadada keçirilən görüşdə razılığa gəliblər ki, əgər Rusiya Ukraynadakı müharibəsində atəşkəs təşəbbüsünə müqavimət göstərsə, ona qarşı əlavə sanksiyalar tətbiq oluna bilər.
Maliyyə rəhbərləri mayın 22-də keçirilən görüşün sonunda yayımladıqları kommünikedə Rusiyanın "amansız" müharibəsini pisləyiblər. Onlar bəyan edib ki, əgər atəşkəsə nail olmaq səyləri uğursuz olsa, onlar sanksiyaların daha da gücləndirilməsi də daxil bütün mümkün variantları nəzərdən keçirəcəklər.
Kommünikedə həmçinin qeyd olunub ki, G7 ölkələrinin yurisdiksiyasında saxlanılan Rusiyanın suveren aktivləri Moskva müharibəni dayandırana və Ukraynaya vurduğu ziyanın əvəzini ödəyənə qədər dondurulmuş vəziyyətdə qalacaq.
Nazirlər Rusiya döyüş maşınını maliyyələşdirən və ya təchiz edən hər hansı ölkənin və ya qurumun Ukraynanın yenidən qurulmasından mənfəət əldə edə bilməməsini təmin etmək üçün birlikdə çalışacaqlarına söz veriblər.
"Bu, çox ciddi bir bəyanatdır", –Kanadanın maliyyə naziri Fransua-Filipp Şampan bildirib və bunu kommünikenin əsas sütunlarından biri adlandırıb. Kommünikedə Rusiyaya mühüm komponentlər təchiz etməkdə ittiham olunan Çin və digər ölkələrin adı çəkilməyib.
Nazirlərin görüşü həm də iyunun ortalarında baş tutacaq G7 sammitinə hazırlıq xarakteri daşıyır. Ağ ev mayın 22-də təsdiqləyib ki, ABŞ prezidenti Donald Tramp həmin sammitdə iştirak edəcək.
Ukraynanın maliyyə naziri Sergiy Marçenko da nazirlərin görüşündə iştirak edib və G7 ölkələrini Rusiyaya təzyiqləri davam etdirməyə çağırıb.
Müharibənin başa çatması üzrə diplomatik səylər sürətlənib. Ötən həftə Rusiya və Ukrayna rəsmiləri son üç ildən artıq müddətdə ilk dəfə üzbəüz danışıqlar aparıblar.
İki ölkənin tezliklə Vatikanda danışıqlar aparacağı barədə mübahisəli xəbərlər var. Kreml mayın 22-də bildirib ki, Ukrayna ilə yeni sülh danışıqları hələ razılaşdırılmayıb.
ABŞ prezidenti Donald Tramp mayın 19-da rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və bu danışığın məqsədinin "qan gölü"nə son qoymaq olduğunu bildirib. Lakin nə bu zəng, nə də əvvəlki birbaşa danışıqlar Rusiyanın güzəştə getməsi ilə nəticələnib.
Rusiya Ukrayna ilə sərhəddə bufer zonası yaradır - Putindən açıqlama

Rusiya ordusu Ukrayna ilə sərhəd boyunca təhlükəsizlik bufer zonasının yaradılması üzərində işləyir. Bunu prezident Vladimir Putin mayın 22-də hökumət üzvləri ilə görüşündə bildirib.
"Sərhəd boyunca lazımi təhlükəsizlik bufer zonasının yaradılması ilə bağlı qərar qəbul edilib. Hazırda silahlı qüvvələrimiz bu problemi həll edir. Düşmənin atəş nöqtələri fəal şəkildə susdurulur, iş gedir ", - o deyib.
Putin Ukraynanın hücumlarından əziyyət çəkən bölgələr arasında Belqorod, Bryansk və Kursk vilayətlərinin adını çəkib.
Bugünlərdə Putin Kursk vilayətində bələdiyyələrin rəhbərləri ilə görüşüb. Sərhədyanı Qluşkov rayonunun rəhbəri Pavel Zolotarev Putindən Sumı vilayətində bufer zonası yaratmağı xahiş edib. Putin bu bufer zonasının nə qədər dərin olmalı olduğunu soruşub. Zolotarev deyib ki, Rusiya "heç olmasa" Sumı şəhərini tutmalıdır.
Mayın ortalarında Sumı vilayətinin rəhbərliyi Rusiya ilə həmsərhəd olan 202 yaşayış məntəqəsindən 4 mindən çox insanın təxliyəsini elan edib.
Rumıniya Konstitusiya Məhkəməsi Rusiyayönlü namizəd Simionun seçki şikayətini 'əsassız' sayıb

Rumıniyanın Konstitusiya Məhkəməsi məğlub olmuş ultramillətçi namizəd Corce Simionun ötən həftə keçirilən prezident seçkisinin nəticələrinə etirazını rədd edərək onun tələbinin "əsassız" olduğunu bildirib.
Simion heç bir sübut təqdim etmədən iddia edib ki, Fransa kimi xarici dövlətlər Moldovaya vəsait yönəltməklə "səsləri satın alıblar" və Aİ-yönlü və Ukraynanı dəstəkləyən Buxarest meri Nikuşor Danın xeyrinə səslər saxtalaşdırılıb.
Mayın 22-də verdiyi açıqlamada Konstitusiya Məhkəməsi bildirib ki, "seçki proseduruna əməl olunması ilə bağlı səlahiyyətləri çərçivəsində" mayın 18-də keçirilmiş ikinci turla bağlı Simionun şikayətini nəzərdən keçirib və "bu seçkilərin ləğv edilməsi tələbinin əsassız olduğu qənaətinə gələrək yekdilliklə rədd edib".
Rumıniya ötən ilin noyabrından bəri siyasi böhranla üzləşib. Bu, Rusiya tərəfdarı və marginial namizəd kimi tanınan Kelin Corceskunun səsvermənin ilk turunda gözlənilməz qələbə qazanması ilə başlayıb.
Lakin hakimiyyət orqanları onun namizədliyinin Rusiya tərəfindən aparılan kampaniya ilə dəstəkləndiyinə dair ittihamlar fonunda seçki nəticəsini ləğv edib. Corcesku yeni seçkilərdə iştirakdan uzaqlaşdırılıb və təkrar seçkilər üçün bir sıra yeni qaydalar tətbiq olunub. Həmin seçkilərin ilk turu mayın 4-də keçirilib.
Mayın 18-də N.Danın qələbəsi sürpriz olub. O, noyabrda keçirilmiş ilk səsvermədə, ümumiyyətlə, namizəd olmamışdı və bu yaxınlarda Buxarest meriyası vəzifəsində ikinci müddətinə başlamışdı.
ABŞ prezidenti Donald Trampın tərəfdarı və Rumıniyanın Birləşməsi Alyansının (AUR) lideri olan Simion Rumıniya ilə qonşu Moldova Respublikasının birləşdirilməsini və Ukraynaya hərbi yardımın dayandırılmasını təbliğ edir.
Alovlu çıxışları və bir vaxtlar futbol fanatizmi ilə məşğul olması ilə tanınan Simionun 2024-cü ildə Ukraynaya qarşı "sistemli anti-Ukrayna fəaliyyəti" səbəbiylə ölkəyə girişi üç il müddətinə məhdudlaşdırılıb. Moldova da onu milli təhlükəsizlik təhdidi hesab edərək ölkəyə girişinə qadağa qoyub.
İsrail səfirliyinin iki əməkdaşı güllələnərək öldürülüb

İsrail səfirliyinin iki əməkdaşı mayın 21-i axşam saatlarında Vaşinqtonda yerləşən Paytaxt Yəhudi Muzeyində keçirilən tədbirin yaxınlığında baş vermiş atışmada öldürülüb. Şübhəli şəxs həbs edilib.
"Reuters" Federal Təhqiqat Bürosu (FBI) və ABŞ Prokurorluq ofisinə istinadən xəbər verir ki, hadisə nəticəsində bir qadın və bir kişi öldürülüb.
30-yaşlı Elias Rodriqes olduğu ehtimal edilən şübhəlinin hücum zamanı "Fələstinə azadlıq!" şüarları səsləndirdiyi bildirilir.
Prezident Donald Tramp atışmanı pisləyib. "Açıq şəkildə antisemitizmə əsaslanan bu dəhşətli qətllər İNDİ bitməlidir!", - o, "Truth Social'da bildirib. "ABŞ-də nifrət və radikalizmə yer yoxdur".
İsrail prezidenti İsaak Hersoq və ABŞ dövlət katibi Marko Rubio da hadisəni pisləyiblər.
İsrailin Vaşinqtondakı səfirliyinin sözçüsü Tal Naim Koen bildirib ki, səfirliyin iki əməkdaşı muzeydə yəhudilərin tədbirinə qatılarkən yaxın məsafədən atəşə tutulub.
Hücum İsrailin girovları azad və HƏMAS qruplaşmasını məhv etmək üçün Qəzza zolağında yeni əməliyyata başlaması fonunda baş verib.
Litva Gürcüstan diplomatları və rəsmiləri üçün vizasız rejimi ləğv edib

Litva hökuməti gürcü diplomatları və rəsmiləri üçün vizasız rejimin ləğvi haqqında qətnaməni təsdiqləyib. Bu barədə "Delfi" xəbər portalı məlumat yayıb.
Qətnamə Avropa İttifaqı (Aİ) Şurasının Gürcüstan rəsmiləri və diplomatları üçün viza rejiminin sərtləşdirilməsi ilə bağlı yanvarda qəbul edilmiş qərarına əsasən qəbul olunub. İndi bu şəxslər və onların ailə üzvləri qısamüddətli səfər zamanı Litvaya vizasız gedə bilməyəcək, onlar həmçinin uzunmüddətli vizaların verilməsi üçün sadələşdirilmiş prosedurdan istifadə etmək hüququnu da itirəcəklər.
Daha əvvəl Estoniya hökuməti Gürcüstan rəsmiləri və diplomatları üçün vizasız rejimi ləğv edib. "Diplomatik və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin tətbiqi beynəlxalq ictimaiyyətin, o cümlədən Aİ-nin sadə vətəndaşlara, etirazçılara və jurnalistlərə qarşı repressiyaları, polisin cəzasız qalmasını və hakim "Gürcü arzusu" partiyasının susqunluğunu qəbul etmədiyini göstərən növbəti addımdır", - Estoniyanın xarici işlər naziri Marqus Tsahkna deyib.
Litva, Latviya və Estoniya Gürcüstanın 2024-cü ildə Avropaya inteqrasiyadan imtina etməsi ilə bağlı kütləvi etirazlar fonunda ilk olaraq Gürcüstan hökumətinə qarşı sanksiyalar tətbiq edib. Xüsusilə, oliqarx, Rusiyayönlü "Gürcü arzusu" partiyasının qurucusu Bidzina İvanişvili və daxili işlər naziri Vaxtanq Qomelaurinin ölkəyə girişi qadağan ediblər.
Lavrov: Ermənistanın müdafiəsi üçün hər cür yardıma hazırıq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 21-də Yerevanda deyib ki, Moskva Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə hazırdır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə mətbuat konfransında çıxış edən Lavrov Rusiyanın Ermənistanla müttəfiqlik münasibətlərinə önəm verdiyini deyib: "Biz təhlükəsizlik sahəsini ən mühüm istiqamətlərimizdən biri kimi görməyə davam edirik. Biz Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin olunması üçün bütün mümkün vasitələrlə dəstək göstərməyə hazırıq".
Lavrov həmçinin regionda sülh prosesinə də toxunub. Onun sözlərinə görə, Cənubi Qafqazdakı problemlər buradakı ölkələr və yaxın qonşular tərəfindən həll olunmalıdır: "Biz heç bir halda bölgədənkənar ölkələrin buradakı ölkələrlə münasibətlərini inkişaf etdirməsinə qarşı deyilik, amma bu əməkdaşlıq regionda gərginlik yaratmağa və ya geosiyasi oyunlar məqsədilə region ölkələrinin maraqlarını saymamağa yönəlməməlidir".
Lavrov regional "3+3" formatı haqqında da danışıb və qeyd edib ki, növbəti görüşə ev sahibliyi etmək istəyən Ermənistan və Azərbaycan bu barədə öz aralarında razılığa gələ bilərlər.
"Biz növbəti iki görüşün Ermənistan və Azərbaycanın paytaxtlarında keçirilməsinin tərəfdarıyıq," – Lavrov əlavə edib.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. 2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı birgünlük hərbi əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Azərbaycan birgünlük əməliyyatı "antiterror tədbirləri", Yerevan isə "etnik təmizləmə" adlandırıb. Həmin əməliyyatdan sonra bölgənin erməni əhalisi Ermənistana köç edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu yaxınlarda saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.
Avropa İttifaqı Suriyaya iqtisadi sanksiyaları ləğv edir

Avropa İttifaqı (Aİ) Suriyaya qarşı iqtisadi sanksiyaları qaldırmağa qərar verib. Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas mayın 20-i axşam elan edib.
"Biz Suriya xalqına yeni, inklüziv və dinc Suriyanı bərpa etməkdə kömək etmək istəyirik. Aİ son 14 il ərzində həmişə suriyalıların yanında olub və bunu etməyə davam edəcək", - Kallas X sosial media hesabında yazıb.
"Reuters" agentliyinin məlumatına görə, sanksiyaların ləğvi xüsusilə Suriya Mərkəzi Bankına şamil olunacaq. Aİ həmçinin üzv dövlətlərə ölkənin bərpası, terrorizmlə mübarizə və nəzarətsiz miqrasiyanın qarşısının alınması sahələrində əməkdaşlıq məqsədilə Suriyanın müdafiə və daxili işlər nazirliklərinə maliyyə dəstəyi göstərməsinə icazə verəcək.
Mayın əvvəlində ABŞ prezidenti Donald Tramp Suriya iqtisadiyyatına qarşı sanksiyaların ləğv ediləcəyini açıqlayıb. O, bu qərarını Suriyada yeni hökumətin formalaşdırılması ilə izah edib. Tramp yeni hökumətin ölkədə vəziyyəti sabitləşdirə və sülhü qoruya biləcəyinə ümid etdiyini deyib.
Vaşinqton 2000-ci illərin əvvəllərində Suriyaya qarşı sanksiyalar tətbiq edib. ABŞ ilkin sanksiyalar paketini Bəşər Əsəd rejimi tərəfindən Livan ərazilərinin işğalı, İraqın işlərinə qarışması, "Hizbullah" və HƏMAS-a dəstəyi ilə izah edib. Aİ bu sanksiyalara 2011-ci ilin əvvəlində qoşulub.
2024-cü ilin dekabrında Suriyada Əsəd rejiminin devrilməsindən sonra iqtidara gələn yeni hökumət Qərb ilə rəsmi əlaqələri bərpa edib. Keçid prezidenti Əhməd əş-Şaraa ABŞ-nin xüsusilə təhlükəli terrorçular siyahısından çıxarılıb. Aİ nümayəndələri onunla görüşlər keçirib, prezident Tramp isə mayda onunla görüşüb.
Tehranda Azərbaycan səfirliyinə hücumda təqsirləndirilən şəxs edam edilib

İran mayın 21-də bildirib ki, 2023-cü ildə Tehrandakı Azərbaycan səfirliyinə qarşı törədilmiş ölümcül hücumda təqsirli bilinən şəxs edam edilib. Bu hücum iki qonşu ölkə arasında münasibətlərin ciddi şəkildə pisləşməsinə səbəb olmuşdu.
İran mətbuatı ölkənin ədliyyə sisteminə istinadən yazıb ki, Tehrandakı Azərbaycan səfirliyinə hücum edən şəxs bu səhər edam olunub.
Edam qərarı İran prezidenti Məsud Pəzeşkianın ötən ayın sonunda Bakıya etdiyi səfərdən sonra həyata keçirilib və bu addım iki ölkə arasında münasibətlərin yaxşılaşmasına dair bir işarə kimi qiymətləndirilir.
Xatırlatma
Yasin Hüseynzadə kimi təqdim edilən şəxs 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" markalı avtomat ilə hücum edib. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, iksinin isə xəsarət aldığı açıqlanıb. O, səfirlikdə öz həyat yoldaşını axtardığını və onu xilas etmək istədiyini bildirmişdi.
Amma Azərbaycanın rəsmi qurumları bu iddianı təsdiqləməmişdilər. Həmin olaydan sonra səfirliyin bütün işçiləri Azərbaycana təxliyə edilib. Yalnız ötən ilin yayında Azərbaycanın Tehrandakı səfirliyi öz işini tam olaraq bərpa edib.
Azərbaycan prezidenti İlham Əliyev yerli mediaya müsahibəsində silahlı hücumu "təşkil olunmuş terror aktı" adlandırıb.
Avropa İttifaqı AzadlıqRadiosuna maliyyə yardımı ayırır

Avropa İttifaqı (Aİ) AzadlıqRadiosuna 5.5 milyon avro ayıracaq. Bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas mayın 20-də jurnalistlərə bildirib.
"Bu, müstəqil jurnalistikanı dəstəkləmək üçün nəzərdə tutulmuş qısamüddətli təcili maliyyə yardım paketidir", – Kallas qeyd edib.
AzadlıqRadiosuna Aİ tərəfindən ayrılan bu vəsait məqsədli şəkildə yönəldiləcək və Aİ-yə qonşu ölkələrdə, o cümlədən Qafqaz və Mərkəzi Asiyada yayım fəaliyyəti üçün istifadə olunacaq.
Çexiyanın xarici işlər naziri Yan Lipavski mayın 20-də Aİ XİN rəhbərlərinin görüşündən sonra "Reuters"ə deyib: "Məqsədimiz missiyanı qoruyub saxlamaqdır, bu missiya isə Rusiyada, Belarusda və İranda cəmiyyətlərə azad və ədalətli məlumat təqdim etməkdir".
İsveç isə bu ayın əvvəlində bildirib ki, ölkə AzadlıqRadiosuna 20 milyon kron (2.07 milyon ABŞ dolları) məbləğində ianə ayıracaq. İsveçin bəyanatına görə, ABŞ-nin maliyyələşdirmə ilə bağlı qərarı bir çox ölkədə insanların azad mediaya çıxışını itirməsi riskini artırır.
Prezident: "RFE/RL-in varlığı risk altındadır"
Azad Avropa/Azadlıq Radiolarının (RFE/RL) prezidenti Stiven Kapus Aİ-nin ayırdığı yardımla bağlı deyib: "RFE/RL-i ayaqda saxlamaq üçün bu təcili maliyyə yardımının ayrılmasına görə minnətdarıq. Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın, Çexiyanın xarici işlər naziri Yan Lipavski və digərlərinin prinsipial liderliyi sayəsində RFE/RL-in fəaliyyətini bir az da uzada biləcəyik. Bu arada ABŞ məhkəmələrində Konqresin bizə ayırdığı vəsaitin verilməsini təmin etməyə çalışırıq. Bu vəsait ayrılmadıqca RFE/RL-in varlığı risk altındadır".
AzadlıqRadiosu Konqres tərəfindən ayrılmış vəsaitə çıxış hüququ əldə etmək üçün ABŞ Qlobal Media Agentliyini (USAGM) məhkəməyə verib.
Bu müddət ərzində "Настоящее Время" kanalının yayımı üç peykdən ikisi vasitəsilə dayandırılıb, AzadlıqRadiosunun Belarus və Ukrayna redaksiyalarının fəaliyyəti əhəmiyyətli dərəcədə azaldılıb, Rusiya xidməti tərəfindən orta dalğa (AM) üzərindən yayımlanan verilişlər dayandırılıb, "Votvot" adlı layihə bağlanıb.