Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Novruz Tağıyevin saxlandıqdan sonra saatlarla qolları qandallı tutulduğu bildirilir.
Kərimli vurğulayıb ki, Tağıyevi mayın 20-də uşağını məktəbdən götürən zaman dörd mülkigeyimli şəxs saxlayıb və avtomobildə doqquz saata yaxın qolları qandallı vəziyyətdə Bakı şəhəri ərazisində gəzdirilib.
Tağıyevin vəkili Nemət Kərimli də deyib ki, həmin gün saat 20:00 radələrində müdafiə etdiyi şəxs Yasamal rayon Polis İdarəsinə aparılıb və orada onu gecə saat 12-yə qədər saxlayıblar.
Vəkilin dediyinə görə, ev alqı-satqısı işlərində vasitəçi kimi fəaliyyət göstərən Tağıyevdən Nicat adlı bir şəxs şikayət edib.
"Novruz Tağıyev bildirir ki, Nicata ev tapmaqda kömək edib və ondan min manat beh qəbul edib, onu da göndəriblər ev sahibinə. Sonra bir gün Nicat qaynı kimi təqdim etdiyi şəxslə birlikdə Novruzun işlədiyi ofisə gəlib, ona ətir və bir bağlama vermək istəyib. Novruz bağlamanı qəbul etməyib, ətir də stolun üstündə qalıb. Novruzun deməsinə görə, indi də Nicat deyir ki, guya ona 71 min manat pul verib. Yanındakı adam da bunu təsdiqləyir", - N.Kərimli deyib.
Vəkilin sözlərinə görə, indi iddia edilir ki, evin sənədi də olmadığından həmin şəxsi dələduzluq yolu ilə aldadıblar.
N.Kərimlinin vurğulamasına görə, Novruz Tağıyev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib və bu qərardan apellyasiya şikayəti veriblər.
Ə.Kərimli mühafizəçisinə qarşı ittihamı "qurama, məqsədli üzədurma" adlandırıb. "İndiki zamanda hansı ev alan şəxs evin pulunu ev sahibinə yox, maklerə, həm də rəsmiləşdirilmədən və notarial təsdiqsiz verir", - o sual edib
Hələlik, müdafiə tərəfinin açıqlamasına şikayətçi tərəfdən, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
21 may
AXCP axtardığı üzvlərinin həbs edildiyini bildirir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mayın 20-dən yaxınlarının barələrində heç bir xəbər alınmadığı hər iki fəalının - Binəqədi rayon şöbəsinin üzvü, partiya sədri Əli Kərimlinin mühafizəçisi Novruz Tağıyev və Xətai rayon şöbəsinin üzvü Rəşad Əliyevin həbs edildiyi deyilir.
Partiyadan verilən məlumata görə, N.Tağıyev ilə bağlı 178. 2 (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddəsi ilə cinayət işı açılıb və barəsində həbs-qətimkan tədbiri seçilərək Kürdəxanı istintaq təcridxanasına aparılıb. Həmin maddə üzrə şəxsə 5 ilə qədər həbs cəzası verilə bilər.
R.Əliyevə isə məhkəmənin qərarı ilə 25 sutka inzibati həbs verilib. Onun konkret nədə təqsirləndirildiyi açıqlanmayıb.
Hələlik, bu məlumatları rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
Xalq Cəbhəsinin iki üzvündən xəbər yoxdur
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki fəalı ilə dünən, mayın 20-dən əlaqənin kəsildiyi bildirilir.
Bu barədə elə AXCP məlumat yayıb.
Bildirilib ki, onlar partiyanın Binəqədi şöbəsinin üzvü, AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Novruz Tağıyev və onu hərdən öz maşını ilə bəzi tədbirlərə aparan, Xətai şöbəsinin üzvü Rəşad Əliyevdir.
AXCP sədri də vurğulayıb ki, onun ətrafını hədəf götürüblər: "Beləliklə, son iki ayda məni müxtəlif tədbirlərə öz maşını ilə aparan və ya məni həmin tədbirlərdə müşayiət edən səkkiz nəfər cəbhəçi fəal həbs olunub".
Hələlik, bu deyilənlərə Daxili İşlər Nazirliyi (DİN) və başqa rəısmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilib. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Yerli hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda ölkə həbsxanalarında 350-dən çox siyasi məhbus var. Hökumət belə siyahıları qəbul etmir.