Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yenicə qəbul edilmiş 17-ci sanksiyalar paketinin mürəkkəbi hələ qurumamış Avropa liderlərinin 'nəhəng' adlandırdığı növbəti addım üzərində artıq işlər gedir.
Lakin bəzi analitiklər xəbərdarlıq edir ki, bir çox cəhətdən Aİ artıq ən güclü kartlarını oynayıb və hazırda əlində çox seçim qalmayıb — xüsusilə də Vaşinqton Kiyev və Moskva arasında sülh danışıqlarını təşviq etdiyi bir vaxtda bu prosesə qoşulmaqda tərəddüd göstərdiyi halda.
Kiyevdə yerləşən 'KSE Institute' analitik mərkəzinin baş iqtisadçısı Benyamin Hilqenştok AzadlıqRadiosuna deyib: "Bizim hələ oynaya biləcəyimiz kartlar, əsasən, elə tədbirlərdir ki, onların həyata keçirilməsi üçün ABŞ-yə ehtiyacımız olacaq".
"Xüsusilə bu, Rusiya neft və qazının böyük həcmdə qlobal bazarlardan çıxarılması ilə bağlı olardı", – deyə Hilqenştok bildirib və əlavə edib ki, Hindistan, Çin və Türkiyə kimi ölkələr ABŞ-nin ikinci dərəcəli sanksiyalarının təzyiqi olmadan Rusiya qazı və neftini almağı dayandırmayacaq.
Avropa liderləri mayın 10-da Vaşinqtonun Moskvaya təklif etdiyi 30 günlük atəşkəsi qəbul etmədiyi təqdirdə, Rusiyanı "nəhəng" sanksiyalarla hədələyiblər. Onlar bildirib ki, bu tələb ABŞ prezidenti Donald Trampla razılaşdırıldıqdan sonra irəli sürülüb. Bu addım oyunun gedişatını dəyişəcək bir məqam olmalı idi, lakin görünən odur ki, transatlantik razılaşma qısa zamanda pozulub.
Rusiya prezidenti Vladimir Putin mayın 19-da Tramp ilə telefon danışığı zamanı atəşkəslə bağlı öhdəlik götürməyib, lakin Tramp bu danışığı müsbət qiymətləndirib. O, Rusiyaya qarşı yeni ABŞ sanksiyalarını elan etməyə meylli görünməyib. Tramp deyib ki, bu mərhələdə sanksiya tətbiq etmək danışıqları təhlükəyə ata və vəziyyəti daha da pisləşdirə bilər.
Boş təhdid?
Beləliklə, indi Avropa liderləri ABŞ-nin iştirakı olmadan özləri nəyisə böyük və təsirli bir addım atmalı olacaqlar, əks halda, boş bir hədə ilə çıxış etdikləri kimi görünə bilərlər. Onlar bunu bacara bilərmi?
Litvanın xarici işlər naziri Kyastutis Budris bunun mümkün olduğunu hesab edir. O, AzadlıqRadiosuna bildirib ki, Aİ Rusiyanın enerji ixracı sahəsindəki təzyiqlərini ikiqat artıra bilər.
"Biz Rusiyanın büdcəsinə və onun müharibə maşınına əsas gəliri – qaz, neft və mayeləşdirilmiş təbii qaz (LNG) ixracını dayandırmalıyıq", –o bildirib.
Lakin praktikada İspaniya, Niderland və Belçika kimi ölkələr əslində ötən illə müqayisədə indi daha çox LNG idxal edirlər. Budris isə iddia edir ki, qlobal bazarda kifayət qədər alternativ mövcuddur.
"Bəziləri deyir ki, "bu, çox bahadır, biz bunu ödəyə bilmərik'" Baxın, biz (Litva) bunu artıq etmişik", – o əlavə edib.
Lakin qiymətlə bağlı bu arqumentlər göstərir ki, sanksiyaların zərərli təsirləri keçmişdə Aİ-nin addımlarını ləngidib və gələcəkdə də ləngidə bilər.
"Sanksiyalar yalnız biz öz istədiyimizdən daha uzağa getməyə hazır olduğumuz zaman "nəhəng" ola bilər", –Londonda yerləşən "Royal United Services Institute" (RUSI) beyin mərkəzinin əməkdaşı Tom Kitinq AzadlıqRadiosuna bildirib. "Yəni, yalnız bizim öz iqtisadiyyatlarımıza müəyyən mənada zərbə vuran sanksiyalar tətbiq etməyə hazır olduğumuz zaman", –o fikrini izah edib.
Enerji ixracına zərbə vurmaq
Hilqenştok iqtisadi səbəblərdən Rusiyanın mayeləşdirilmiş təbii qazından (LNG) istifadə edən ölkələr ilə Macarıstan və Slovakiya kimi Moskvayla yaxın siyasi münasibətlərə görə idxal qadağasına qarşı çıxan ölkələri fərqləndirir.
İqtisadi etirazlar aradan qaldırılsa belə, siyasi amillər bu sahədə sanksiyaların ciddi şəkildə sərtləşdirilməsini gecikdirə və ya çətinləşdirə bilər.
Avropa liderləri bildiriblər ki, növbəti sanksiyalar paketi enerji sektorunu əhatə edəcək, lakin bu, çox geniş bir anlayışdır. Bəziləri maliyyə tədbirləri də təklif edib.
"Əslində nədən danışdıqları kifayət qədər aydın deyil", – həmçinin Xarici Münasibətlər üzrə Almaniya Şurasının əməkdaşı olan Hilqenştok bildirib.
"Onlar edə biləcəklərindən daha artığını vəd edirlərmi? Məncə, edirlər", – o əlavə edib.
Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen isə mayın 16-da etdiyi çıxışda növbəti addımlar barədə müəyyən ipucu verib. O, Rusiya neft və neft məhsullarına qoyulan məhdudiyyətlərdən yayınmaq üçün istifadə edilən və mülkiyyəti bəlli olmayan gəmilərə istinad edərək "Bura Rusiya kölgə donanmasının daha çox gəmilərinin siyahıya alınması üzərində iş daxildir" deyə bildirib.
17-ci sanksiyalar paketi və Britaniyanın eyni gün elan etdiyi tədbirlər, əvvəlki paketlərin nümunəsinə uyğun olaraq, onlarla gəmiyə məhdudiyyət tətbiq edir. Beləliklə, yeni gəmilərin sanksiyalar siyahısına əlavə edilməsi cəsarətli və yeni bir şey deyil, daha çox məcmu fəaliyyət kimi görünür.
"Söz çox, əməl yox"
Fon der Lyayen həmçinin Rusiya neftinə tətbiq olunan qiymət tavanının azaldılmasından da danışıb. Bu da Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra tətbiq edilmiş sanksiyalardan biridir. Lakin bu tədbirin qlobal səviyyədə icrası üçün ABŞ-nin razılığı tələb olunur.
Üç illik sanksiyalar Rusiya iqtisadiyyatına böyük təsir göstərsə də, Moskvanın təcavüzünü dayandıra bilməyib.
Buna baxmayaraq, son tədbirləri elan edərkən Avropa siyasətçiləri qətiyyətli danışıblar.
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Putini "müharibə təhrikçisi" adlandıraraq onu 30 günlük atəşkəsə razı olmağa çağırıb. O əlavə edib: "Sülh cəhdlərini ləngitmək bizim Ukraynaya özünü müdafiə etməsində yardım etmək və sanksiyalar vasitəsilə Putinin müharibə maşınını zəiflətmək əzmimizi yalnız artıracaq".
Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas isə sosial şəbəkədə yazıb: "Rusiyaya qarşı daha çox sanksiyalar hazırlanır".
Lakin analitik T.Kitinq xəbərdarlıq edir ki, həqiqətən təsirli sanksiyalarla davam etməmək etibarı sarsıtmaq riski daşıyır.
"Bu, Sergey Lavrov və digərlərinə Avropalılar haqda "onlar yalnız danışır, amma heç nə etmirlər" demək üçün bol arqument verir", – o bildirib.
Hilqenştok da bu narahatlığı bölüşüb. "Biz Vladimir Putinin bu ultimatuma verdiyi — və ya əslində vermədiyi — cavabı görürük", –o, mayın 10-da elan olunmuş "nəhəng" sanksiyalar təhdidinə istinadən bildirib. "Bu, Rusiya tərəfinin nə düşündüyün aydın şəkildə göstərir".
Yazı AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Rey Förlonq və radionun Avropa üzrə redaktoru Rikard Yozvyak tərəfindən hazırlanıb.