Xəbərlər
Avropa Siyasi Birliyinin növbəti zirvə toplantıları Yerevanda və Bakıda keçiriləcək
Avropa Siyasi Birliyinin növbəti zirvə toplantıları Yerevanda və Bakıda keçiriləcək. Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta X platformasındakı paylaşımında yazıb.
Koşta bildirib ki, 2026-cı ildə səkkizinci zirvə toplantısına Ermənistan ev sahibliyi edəcək. 2028-ci ildə isə zirvə toplantısı Azərbaycanda keçiriləcək.
Avropa Siyasi Birliyinin toplantısı liderlər səviyyəsində baş tutur və ildə iki dəfə Birliyə üzv ölkələrdən birində keçirilir.
Koştanın sözlərinə görə, yeddinci zirvə toplantısı bu ilin oktyabrında Danimarkanın paytaxtı Kopenhagendə baş tutacaq.
Azərbaycan və Ermənistan bir-birinin namizədliyini dəstəkləyib
Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, Bakı və Yerevan Avropa Siyasi Birliyinin sammitlərinə ev sahibliyi etmək üçün bir-birinin namizədliyini dəstəkləyib.
"Mən 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinin Azərbaycanda keçirilməsi qərarını alqışlayıram. Ermənistan və Azərbaycanın bu sammitlərə ev sahibliyi etmək üçün bir-birinin namizədliyini qarşılıqlı dəstəklədiyini vurğulamaq vacibdir. Həmkarlarımı Yerevanda qəbul etməyi səbirsizliklə gözləyirəm", - Ermənistan hökumət başçısı mayın 23-də X platformasındakı paylaşımında qeyd edib.
Yerevanda keçiriləcək sammitdə Azərbaycanın, Bakıdakı sammitdə isə Ermənistanın iştirak edib-etməyəcəyi, hələlik, bəlli deyil.
Ötən ilin noyabrında Azərbaycanda keçirilən COP29 beynəlxalq iqlim konfransına Ermənistandan təmsilçi gəlməyib.
Ali məktəblərdə pulsuz təhsil alanların sayı artsa da, hədəfə çatılmayıb
2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu planı 60 min 489 yer müəyyən edilib.
Bunu bu gün, mayın 23-də Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadə ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Onun vurğulamasına görə, ötən illə müqayisədə plan yerləri 2.21 faiz (1 min 309 yer) artırılıb. Plan yerlərinin 28 min 401-i dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 2.04 faiz və ya 568 yer artıb.
Bu rəqəmlərin təhlili göstərir ki, Azərbaycan ali məktəblərində ödənişsiz təhsil alanların sayı ümumu tələbələrin sayının 50 faizindən azdır.
Amma bundan illər öncə rəsmilərin verdiyi vədlərə görə, 2020-ci ildə bu rəqəm 50 faizə çatmalı idi. Bu hədəf sonrakı illərdə də dilə gətirilsə də, hələlik, ona çatmaq mümkün olmayıb.
Bununla belə, ali məktəblərdə dövlət sifarişi yerlərinin sayında son 10 ildə müəyyən artım müşahidə edilib. 2016-cı ildə ali məktəblərə qəbul planı üçün nəzərdə tutulan yerlərin cəmi 29 faizi ödənişsiz nəzərdə tutulmuşdu. 2020-ci ildə bu rəqəm artıq 45 faizə yaxınlaşmışdı.
Xatırlatma
2015-ci ildə Azərbaycanda dalbadal baş verən iki devalvasiyadan sonra manat iki dəfədən çox dəyər itirdi. Həmin vaxt Azərbaycan ali məktəblərində yerlərin 70-75 faizinin ödənişli olması vətəndaşlar arasında tənqidlərin səslənməsinə səbəb olmuşdu. Hətta ayrı-ayrı müxalif simalar vurğulayırdılar ki, ölkəyə böyük neft pullarının gəldiyi bir dönəmdə ali məktəblərdə yerlərin 70 faizinin ödənişli olması hökumətin antisosial siyasətinin göstəricisidir.
Harvarda xarici tələbələrin qəbulu qadağan edilib

ABŞ hökuməti Harvard Universitetinin xarici tələbələri qəbul etmək imkanını əlindən alıb. Bundan əlavə, prezident Donald Trampın administrasiyası hazırda ABŞ-də təhsil alan xarici tələbələri başqa təhsil müəssisələrinə köçməyə məcbur edir, əks halda, onlar ölkədə qanuni qalmaq hüququnu itirəcəklər. Bu barədə mayın 22-də Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Nazir Kristi Noem Harvard Universitetinin tələbə mübadiləsi proqramını zorakılığı, antisemitizmi təşviq etməkdə və Çin Kommunist Partiyası ilə "koordinasiyalı" hərəkətlərdə günahlandıraraq onun sertifikatının ləğvinə göstəriş verib.
Daha əvvəl universitet Noemin rəhbərlik etdiyi qurumun tələbi ilə bəzi xarici tələbələr barədə məlumat verməkdən imtina etmişdi. "Universitetlər üçün xarici tələbələri qəbul etmək və onların daha yüksək təhsil haqqından yararlanaraq milyardlarla dollarlıq fondlarını artırmaq bir hüquq deyil, imtiyazdır", –Noem vurğulayıb.
Harvard Universiteti Tramp administrasiyasının minlərlə tələbəyə təsir edən addımlarını qanunsuz, qisas xarakterli və ali məktəbin akademik və tədqiqat missiyasını sarsıdan hərəkətlər kimi qiymətləndirib. Universitet zərər çəkmiş tələbələrə dəstək olacağını vəd edib.
"Reuters" universitetin statistikasına istinadən bildirib ki, 2024–2025-ci tədris ilində Harvard Universiteti 6 min 800-dək xarici tələbə qəbul edib ki, bu da ümumi tələbə sayının 27 faizini təşkil edir.
Prezident D.Tramp ölkə daxilində özəl kollec və məktəbləri yenidən qurmağa çalışır, onları anti-Amerika, marksist və radikal solçu ideologiyanı təbliğ etməkdə ittiham edir. Tramp Harvardı fakültə və ya rəhbər vəzifələrə tanınmış demokratları işə götürdüyünə görə tənqid edib.
Apreldə bildirilib ki, Tramp administrasiyası Harvard Universitetini vətəndaş hüquqları qanunlarını pozmaqda və antisemitizmlə lazımi səviyyədə mübarizə aparmamaqda günahlandıraraq universitetə 2.2 milyard dollar federal maliyyəni dayandıracağını elan edib. Ağ ev həmçinin Kolumbiya Universitetinə 400 milyon dollara yaxın maliyyəni dayandırıb. Bu addımlar 2023-cü ildən bəri İsrailin Qəzzada apardığı hərbi əməliyyatlardan sonra ABŞ universitetlərində Fələstinə dəstək xarakterli tələbə etirazları dalğasına cavab olaraq atılıb.
G7 nazirləri razılaşıblar ki, Ukraynada atəşkəs olmasa, Rusiyaya təzyiqləri artırsınlar

G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Kanadada keçirilən görüşdə razılığa gəliblər ki, əgər Rusiya Ukraynadakı müharibəsində atəşkəs təşəbbüsünə müqavimət göstərsə, ona qarşı əlavə sanksiyalar tətbiq oluna bilər.
Maliyyə rəhbərləri mayın 22-də keçirilən görüşün sonunda yayımladıqları kommünikedə Rusiyanın "amansız" müharibəsini pisləyiblər. Onlar bəyan edib ki, əgər atəşkəsə nail olmaq səyləri uğursuz olsa, onlar sanksiyaların daha da gücləndirilməsi də daxil bütün mümkün variantları nəzərdən keçirəcəklər.
Kommünikedə həmçinin qeyd olunub ki, G7 ölkələrinin yurisdiksiyasında saxlanılan Rusiyanın suveren aktivləri Moskva müharibəni dayandırana və Ukraynaya vurduğu ziyanın əvəzini ödəyənə qədər dondurulmuş vəziyyətdə qalacaq.
Nazirlər Rusiya döyüş maşınını maliyyələşdirən və ya təchiz edən hər hansı ölkənin və ya qurumun Ukraynanın yenidən qurulmasından mənfəət əldə edə bilməməsini təmin etmək üçün birlikdə çalışacaqlarına söz veriblər.
"Bu, çox ciddi bir bəyanatdır", –Kanadanın maliyyə naziri Fransua-Filipp Şampan bildirib və bunu kommünikenin əsas sütunlarından biri adlandırıb. Kommünikedə Rusiyaya mühüm komponentlər təchiz etməkdə ittiham olunan Çin və digər ölkələrin adı çəkilməyib.
Nazirlərin görüşü həm də iyunun ortalarında baş tutacaq G7 sammitinə hazırlıq xarakteri daşıyır. Ağ ev mayın 22-də təsdiqləyib ki, ABŞ prezidenti Donald Tramp həmin sammitdə iştirak edəcək.
Ukraynanın maliyyə naziri Sergiy Marçenko da nazirlərin görüşündə iştirak edib və G7 ölkələrini Rusiyaya təzyiqləri davam etdirməyə çağırıb.
Müharibənin başa çatması üzrə diplomatik səylər sürətlənib. Ötən həftə Rusiya və Ukrayna rəsmiləri son üç ildən artıq müddətdə ilk dəfə üzbəüz danışıqlar aparıblar.
İki ölkənin tezliklə Vatikanda danışıqlar aparacağı barədə mübahisəli xəbərlər var. Kreml mayın 22-də bildirib ki, Ukrayna ilə yeni sülh danışıqları hələ razılaşdırılmayıb.
ABŞ prezidenti Donald Tramp mayın 19-da rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və bu danışığın məqsədinin "qan gölü"nə son qoymaq olduğunu bildirib. Lakin nə bu zəng, nə də əvvəlki birbaşa danışıqlar Rusiyanın güzəştə getməsi ilə nəticələnib.
AŞPA məruzəçisi İqbal Əbilovla bağlı həbs qərarını pisləyib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə baş məruzəçisi Azade Royhan azərbaycanlı talış tarixçi və etnoqraf İqbal Əbilovun vətənə xəyanət ittihamı ilə məhkum edilməsinə dair mayın 22-də bəyanat yayıb.
"Talış Milli Akademiyası xəbərləri" jurnalının baş redaktoru, tədqiqatçı İ.Əbilova 18 il həbs cəzası kəsilib.
AŞPA-nın baş məruzəçisi bildirib ki, o, Əbilovun vətənə xəyanət və nifrətə təhrik ittihamları ilə 18 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı məhkəmə hökmündən dərin narahatlıq keçirir.
"İttihamların faktiki əsası onun erməni alimlərlə peşəkar əlaqələrinə dayanır. Halbuki Əbilov tarixçi və etnoqraf kimi talış azlığının tarixi və mədəniyyəti üzrə tədqiqat aparıb", - o bildirib.
Məruzəçisi xatırladıb ki, akademik azadlıq tədqiqat aparmaq, bilik və həqiqəti maneəsiz yaymaq hüququ söz azadlığı hüququ ilə qorunur: "Akademik azadlıq demokratik cəmiyyətlərin təməl sütunlarından biridir və tədqiqatçılar hər cür siyasi müdaxilədən qorunmalıdır".
"Mən Azərbaycan hakimiyyətini Əbilova qarşı irəli sürülmüş ittihamları təcili şəkildə yenidən nəzərdən keçirməyə və onu — insan hüquqları müdafiəçiləri, jurnalistlər və akademiklər də daxil olmaqla — digər bütün şəxslərlə birlikdə azad etməyə çağırıram", - AŞPA-nın baş məruzəçisinin bəyanatında vurğulanır.
Rusiya Ukrayna ilə sərhəddə bufer zonası yaradır - Putindən açıqlama

Rusiya ordusu Ukrayna ilə sərhəd boyunca təhlükəsizlik bufer zonasının yaradılması üzərində işləyir. Bunu prezident Vladimir Putin mayın 22-də hökumət üzvləri ilə görüşündə bildirib.
"Sərhəd boyunca lazımi təhlükəsizlik bufer zonasının yaradılması ilə bağlı qərar qəbul edilib. Hazırda silahlı qüvvələrimiz bu problemi həll edir. Düşmənin atəş nöqtələri fəal şəkildə susdurulur, iş gedir ", - o deyib.
Putin Ukraynanın hücumlarından əziyyət çəkən bölgələr arasında Belqorod, Bryansk və Kursk vilayətlərinin adını çəkib.
Bugünlərdə Putin Kursk vilayətində bələdiyyələrin rəhbərləri ilə görüşüb. Sərhədyanı Qluşkov rayonunun rəhbəri Pavel Zolotarev Putindən Sumı vilayətində bufer zonası yaratmağı xahiş edib. Putin bu bufer zonasının nə qədər dərin olmalı olduğunu soruşub. Zolotarev deyib ki, Rusiya "heç olmasa" Sumı şəhərini tutmalıdır.
Mayın ortalarında Sumı vilayətinin rəhbərliyi Rusiya ilə həmsərhəd olan 202 yaşayış məntəqəsindən 4 mindən çox insanın təxliyəsini elan edib.
Rumıniya Konstitusiya Məhkəməsi Rusiyayönlü namizəd Simionun seçki şikayətini 'əsassız' sayıb

Rumıniyanın Konstitusiya Məhkəməsi məğlub olmuş ultramillətçi namizəd Corce Simionun ötən həftə keçirilən prezident seçkisinin nəticələrinə etirazını rədd edərək onun tələbinin "əsassız" olduğunu bildirib.
Simion heç bir sübut təqdim etmədən iddia edib ki, Fransa kimi xarici dövlətlər Moldovaya vəsait yönəltməklə "səsləri satın alıblar" və Aİ-yönlü və Ukraynanı dəstəkləyən Buxarest meri Nikuşor Danın xeyrinə səslər saxtalaşdırılıb.
Mayın 22-də verdiyi açıqlamada Konstitusiya Məhkəməsi bildirib ki, "seçki proseduruna əməl olunması ilə bağlı səlahiyyətləri çərçivəsində" mayın 18-də keçirilmiş ikinci turla bağlı Simionun şikayətini nəzərdən keçirib və "bu seçkilərin ləğv edilməsi tələbinin əsassız olduğu qənaətinə gələrək yekdilliklə rədd edib".
Rumıniya ötən ilin noyabrından bəri siyasi böhranla üzləşib. Bu, Rusiya tərəfdarı və marginial namizəd kimi tanınan Kelin Corceskunun səsvermənin ilk turunda gözlənilməz qələbə qazanması ilə başlayıb.
Lakin hakimiyyət orqanları onun namizədliyinin Rusiya tərəfindən aparılan kampaniya ilə dəstəkləndiyinə dair ittihamlar fonunda seçki nəticəsini ləğv edib. Corcesku yeni seçkilərdə iştirakdan uzaqlaşdırılıb və təkrar seçkilər üçün bir sıra yeni qaydalar tətbiq olunub. Həmin seçkilərin ilk turu mayın 4-də keçirilib.
Mayın 18-də N.Danın qələbəsi sürpriz olub. O, noyabrda keçirilmiş ilk səsvermədə, ümumiyyətlə, namizəd olmamışdı və bu yaxınlarda Buxarest meriyası vəzifəsində ikinci müddətinə başlamışdı.
ABŞ prezidenti Donald Trampın tərəfdarı və Rumıniyanın Birləşməsi Alyansının (AUR) lideri olan Simion Rumıniya ilə qonşu Moldova Respublikasının birləşdirilməsini və Ukraynaya hərbi yardımın dayandırılmasını təbliğ edir.
Alovlu çıxışları və bir vaxtlar futbol fanatizmi ilə məşğul olması ilə tanınan Simionun 2024-cü ildə Ukraynaya qarşı "sistemli anti-Ukrayna fəaliyyəti" səbəbiylə ölkəyə girişi üç il müddətinə məhdudlaşdırılıb. Moldova da onu milli təhlükəsizlik təhdidi hesab edərək ölkəyə girişinə qadağa qoyub.
Ali Məhkəmə Elvin Mustafayevin şikayətini təmin etməyib

Ali Məhkəmə bu gün, mayın 22-də "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası üzvü Elvin Mustafayevin şikayətini təmin etməyib və aşağı instansiya məhkəmələrinin qərarını qüvvədə saxlayıb.
Bu barədə onun yaxınları məlumat verib.
Yaxınları bundan əvvəl isə bildirmişdilər ki, E.Mustafayev saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsindən 6 saylı müəssisəyə köçürülüb və orada cərimə təcridxanasına (kars) salınıb. Onların vurğulamasına görə, mayın19-da Mustafayev cərimə təcridxanasından çıxarılmalı olsa da, bu, həyata keçirilməyib.
Yaxınlarının iddiasına görə, mayın 22-də də E.Mustafayev cərimə təcridxanasından elə birbaşa məhkəməyə gətirilib.
Yaxınlarının bu açıqlamasına Penitensiar Xidmətdən hər hanası münasibət almaq mümkün olmayıb.
19 may
Yaxınları Elvin Mustafayevin 'kars'a salındığını deyirlər
Mayın 6-dan bəri yaxınlarının barəsində məlumatları olmadıqlarını söylədikləri "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası üzvü Elvin Mustafayevin 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyü bildirilir.
Bu barədə mayın 19-da onun yaxınları məlumat veriblər.
Əvvəllər 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Mustafayev həmin gün – mayın 6-da siyasi məhbuslara dəstək məqsədilə aclıq aksiyasına başladığını açıqlamışdı.
Bildirdiyinə görə, bundan sonra ondan hər hansı xəbər almaq mümkün olmayıb.
Yaxınlarının vurğulamalarına görə, iki həftəyə yaxın bir müddətdən sonra E.Mustafayevin 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyünü və orada cərimə təcridxanasına (kars) salındığını öyrəniblər.
Hələlik, bu məlumata Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
15 may
Yaxınları Elvin Mustafayevin taleyindən narahatdırlar
Yaxınları "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevdən bir həftədən çoxdur xəbər ala bilmir.
Bu barədə mayın 14-də "İşçi Masası" məlumat yayıb.
Bildirilir ki, Mustafayev saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində məhbusların hüquqlarının pozulmasına, həmçinin siyasi məhbusların azad edilməməsinə görə mayın 6-da aclıq aksiyasına başlayıb: "Bundan sonra ona təzyiqlər edilib və saxlanıldığı yer dəyişdirilib, lakin hazırda hansı müəssisədə saxlanıldığından xəbər yoxdur".
Yaxınlarının onun səhhətindən narahat olduqları vurğulanır.
Bu məlumata, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
E.Mustafayev 2023-cü ilin avqustunda narkotik maddələrin satışında ittiham olunaraq saxlanılıb. 2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib. Mustafayev ittihamı rədd edib və bunu onun "İşçi Masası"ndakı fəaliyyəti ilə əlaqələndirib: "Marketdən çıxanda dörd nəfər zorbalıqla mənə hücum etdi. Dərhal telefonumu götürdülər. Məni idarəyə gətirdilər. Dedilər ki, bunu boynuma götürməsəm, üzümə qadın qoyub, zorlama ilə ittiham edəcəklər. Yaxud "İran agenti" ittihamı ilə həbsə göndərəcəklər...".
2022-ci ildə yaradılan "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov, üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.
Xatırlatma
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 350 siyasi məhbus var. Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əməllərlə bağlı mühakimə ediliblər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.
İsrail səfirliyinin iki əməkdaşı güllələnərək öldürülüb

İsrail səfirliyinin iki əməkdaşı mayın 21-i axşam saatlarında Vaşinqtonda yerləşən Paytaxt Yəhudi Muzeyində keçirilən tədbirin yaxınlığında baş vermiş atışmada öldürülüb. Şübhəli şəxs həbs edilib.
"Reuters" Federal Təhqiqat Bürosu (FBI) və ABŞ Prokurorluq ofisinə istinadən xəbər verir ki, hadisə nəticəsində bir qadın və bir kişi öldürülüb.
30-yaşlı Elias Rodriqes olduğu ehtimal edilən şübhəlinin hücum zamanı "Fələstinə azadlıq!" şüarları səsləndirdiyi bildirilir.
Prezident Donald Tramp atışmanı pisləyib. "Açıq şəkildə antisemitizmə əsaslanan bu dəhşətli qətllər İNDİ bitməlidir!", - o, "Truth Social'da bildirib. "ABŞ-də nifrət və radikalizmə yer yoxdur".
İsrail prezidenti İsaak Hersoq və ABŞ dövlət katibi Marko Rubio da hadisəni pisləyiblər.
İsrailin Vaşinqtondakı səfirliyinin sözçüsü Tal Naim Koen bildirib ki, səfirliyin iki əməkdaşı muzeydə yəhudilərin tədbirinə qatılarkən yaxın məsafədən atəşə tutulub.
Hücum İsrailin girovları azad və HƏMAS qruplaşmasını məhv etmək üçün Qəzza zolağında yeni əməliyyata başlaması fonunda baş verib.
Litva Gürcüstan diplomatları və rəsmiləri üçün vizasız rejimi ləğv edib

Litva hökuməti gürcü diplomatları və rəsmiləri üçün vizasız rejimin ləğvi haqqında qətnaməni təsdiqləyib. Bu barədə "Delfi" xəbər portalı məlumat yayıb.
Qətnamə Avropa İttifaqı (Aİ) Şurasının Gürcüstan rəsmiləri və diplomatları üçün viza rejiminin sərtləşdirilməsi ilə bağlı yanvarda qəbul edilmiş qərarına əsasən qəbul olunub. İndi bu şəxslər və onların ailə üzvləri qısamüddətli səfər zamanı Litvaya vizasız gedə bilməyəcək, onlar həmçinin uzunmüddətli vizaların verilməsi üçün sadələşdirilmiş prosedurdan istifadə etmək hüququnu da itirəcəklər.
Daha əvvəl Estoniya hökuməti Gürcüstan rəsmiləri və diplomatları üçün vizasız rejimi ləğv edib. "Diplomatik və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin tətbiqi beynəlxalq ictimaiyyətin, o cümlədən Aİ-nin sadə vətəndaşlara, etirazçılara və jurnalistlərə qarşı repressiyaları, polisin cəzasız qalmasını və hakim "Gürcü arzusu" partiyasının susqunluğunu qəbul etmədiyini göstərən növbəti addımdır", - Estoniyanın xarici işlər naziri Marqus Tsahkna deyib.
Litva, Latviya və Estoniya Gürcüstanın 2024-cü ildə Avropaya inteqrasiyadan imtina etməsi ilə bağlı kütləvi etirazlar fonunda ilk olaraq Gürcüstan hökumətinə qarşı sanksiyalar tətbiq edib. Xüsusilə, oliqarx, Rusiyayönlü "Gürcü arzusu" partiyasının qurucusu Bidzina İvanişvili və daxili işlər naziri Vaxtanq Qomelaurinin ölkəyə girişi qadağan ediblər.
AXCP axtardığı üzvlərinin həbs edildiyini bildirir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mayın 20-dən yaxınlarının barələrində heç bir xəbər alınmadığı hər iki fəalının - Binəqədi rayon şöbəsinin üzvü, partiya sədri Əli Kərimlinin mühafizəçisi Novruz Tağıyev və Xətai rayon şöbəsinin üzvü Rəşad Əliyevin həbs edildiyi deyilir.
Partiyadan verilən məlumata görə, N.Tağıyev ilə bağlı 178. 2 (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddəsi ilə cinayət işı açılıb və barəsində həbs-qətimkan tədbiri seçilərək Kürdəxanı istintaq təcridxanasına aparılıb. Həmin maddə üzrə şəxsə 5 ilə qədər həbs cəzası verilə bilər.
R.Əliyevə isə məhkəmənin qərarı ilə 25 sutka inzibati həbs verilib. Onun konkret nədə təqsirləndirildiyi açıqlanmayıb.
Hələlik, bu məlumatları rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
Xalq Cəbhəsinin iki üzvündən xəbər yoxdur
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki fəalı ilə dünən, mayın 20-dən əlaqənin kəsildiyi bildirilir.
Bu barədə elə AXCP məlumat yayıb.
Bildirilib ki, onlar partiyanın Binəqədi şöbəsinin üzvü, AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Novruz Tağıyev və onu hərdən öz maşını ilə bəzi tədbirlərə aparan, Xətai şöbəsinin üzvü Rəşad Əliyevdir.
AXCP sədri də vurğulayıb ki, onun ətrafını hədəf götürüblər: "Beləliklə, son iki ayda məni müxtəlif tədbirlərə öz maşını ilə aparan və ya məni həmin tədbirlərdə müşayiət edən səkkiz nəfər cəbhəçi fəal həbs olunub".
Hələlik, bu deyilənlərə Daxili İşlər Nazirliyi (DİN) və başqa rəısmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilib. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Yerli hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda ölkə həbsxanalarında 350-dən çox siyasi məhbus var. Hökumət belə siyahıları qəbul etmir.
Lavrov: Ermənistanın müdafiəsi üçün hər cür yardıma hazırıq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 21-də Yerevanda deyib ki, Moskva Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə hazırdır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə mətbuat konfransında çıxış edən Lavrov Rusiyanın Ermənistanla müttəfiqlik münasibətlərinə önəm verdiyini deyib: "Biz təhlükəsizlik sahəsini ən mühüm istiqamətlərimizdən biri kimi görməyə davam edirik. Biz Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin olunması üçün bütün mümkün vasitələrlə dəstək göstərməyə hazırıq".
Lavrov həmçinin regionda sülh prosesinə də toxunub. Onun sözlərinə görə, Cənubi Qafqazdakı problemlər buradakı ölkələr və yaxın qonşular tərəfindən həll olunmalıdır: "Biz heç bir halda bölgədənkənar ölkələrin buradakı ölkələrlə münasibətlərini inkişaf etdirməsinə qarşı deyilik, amma bu əməkdaşlıq regionda gərginlik yaratmağa və ya geosiyasi oyunlar məqsədilə region ölkələrinin maraqlarını saymamağa yönəlməməlidir".
Lavrov regional "3+3" formatı haqqında da danışıb və qeyd edib ki, növbəti görüşə ev sahibliyi etmək istəyən Ermənistan və Azərbaycan bu barədə öz aralarında razılığa gələ bilərlər.
"Biz növbəti iki görüşün Ermənistan və Azərbaycanın paytaxtlarında keçirilməsinin tərəfdarıyıq," – Lavrov əlavə edib.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. 2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı birgünlük hərbi əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Azərbaycan birgünlük əməliyyatı "antiterror tədbirləri", Yerevan isə "etnik təmizləmə" adlandırıb. Həmin əməliyyatdan sonra bölgənin erməni əhalisi Ermənistana köç edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu yaxınlarda saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.
Cinsi nisbət kəskin dəyişir: 100 qıza 113 oğlan
Azərbaycanda "Gender bərabərliyi üzrə 2025-2027-ci illər üçün Milli Fəaliyyət Planı" hazırlanıb. Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında əksini tapıb. Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin mayın 21-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənədlə bağlı bir sıra məlumatlar yerli saytlarda da yayılıb. Bildirilib ki, Azərbaycanda doğulan uşaqların cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir. Ekspertlər bunu abortlarla izah edirlər. Onlar deyirlər ki, son illər bu nisbət oğlanların xeyrinə artmaqdadır. Artıq Azərbaycanda qanunsuz abortlarla bağlı cərimələr də artırılır.
Sənəddə vurğulanır ki, 2024-cü ildə ümumilikdə 359 mühafizə orderi icraatda olub (2023-cü ilə nisbətən +163). Onlardan 338-i qadınlar (+151) , 21-i kişilər (+12) barədə verilib.
Baş Prokurorluğa istinadla bildirilir ki, ötən il qeydə alınmış cinayət hadisələri üzrə 22 min 325 zərərçəkmiş şəxsin 7 min 130-u qadın olub. Zərərçəkmiş qadınlardan 3 min 59-u xəsarət alıb, 268-i isə ölüb. Müqayisə üçün, 2023-cü ildə 24 min 287 zərərçəkmiş şəxsin 7 min 134-ü qadın olub.
2024-cü ildə 162 insan alveri cinayəti qeydə alınıb ki, zərər çəkmiş 91 qurbandan 90-ı qadın olub.
Dövlət komitəsinin hesabatında bildirildiyinə görə, ölkədə erkən evliliyin sayı da azalır. 2024-cü ildə 18 yaşınadək anaların dünyaya gətirdiyi uşaqların sayı əvvəlki ilə nisbətən 463 nəfər azalaraq 1 min 279-a düşüb.
Məhkəmə Azər Qasımlını ev dustaqlığına göndərmədi

Bu gün, mayın 21-də Yasamal rayon Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının həbsinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatətə baxılıb.
Məhkəmə vəsatəti təmin etməyib.
A.Qasımlı 2024-cü il dekabrın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. O özünü təqsirli bilmir və həbsini tənqidli fəaliyyəti ilə əlaqələndirir. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.
Yerli hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda ölkə həbsxanalarında 350-dən çox siyasi məhbus var. Hökumət belə siyahılarla razılaşmır.
17 yanvar
Azər Qasımlının xanımı polisdə ifadə verib
Siyasi Menecment İnstitutunun həbsdə olan rəhbəri Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı yanvarın 17-də Yasamal rayon Polis İdarəsində ifadə verib.
Bu barədə onun özü məlumat açıqlayıb.
S.Qasımlı qeyd edib ki, o, həyat yoldaşına açılmış cinayət işi üzrə dindirilib: "Mən müstəntiqə bildirdim ki, iş qondarmadır və siyasi sifarişdir. Dindirmə zamanı bir neçə suala cavab verdim, digərlərinə isə yaxın qohuma qarşı ifadə verməməklə bağlı konstitusion hüququmdan yararlanaraq cavab verməkdən imtina etdim".
Avropa İttifaqı Suriyaya iqtisadi sanksiyaları ləğv edir

Avropa İttifaqı (Aİ) Suriyaya qarşı iqtisadi sanksiyaları qaldırmağa qərar verib. Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas mayın 20-i axşam elan edib.
"Biz Suriya xalqına yeni, inklüziv və dinc Suriyanı bərpa etməkdə kömək etmək istəyirik. Aİ son 14 il ərzində həmişə suriyalıların yanında olub və bunu etməyə davam edəcək", - Kallas X sosial media hesabında yazıb.
"Reuters" agentliyinin məlumatına görə, sanksiyaların ləğvi xüsusilə Suriya Mərkəzi Bankına şamil olunacaq. Aİ həmçinin üzv dövlətlərə ölkənin bərpası, terrorizmlə mübarizə və nəzarətsiz miqrasiyanın qarşısının alınması sahələrində əməkdaşlıq məqsədilə Suriyanın müdafiə və daxili işlər nazirliklərinə maliyyə dəstəyi göstərməsinə icazə verəcək.
Mayın əvvəlində ABŞ prezidenti Donald Tramp Suriya iqtisadiyyatına qarşı sanksiyaların ləğv ediləcəyini açıqlayıb. O, bu qərarını Suriyada yeni hökumətin formalaşdırılması ilə izah edib. Tramp yeni hökumətin ölkədə vəziyyəti sabitləşdirə və sülhü qoruya biləcəyinə ümid etdiyini deyib.
Vaşinqton 2000-ci illərin əvvəllərində Suriyaya qarşı sanksiyalar tətbiq edib. ABŞ ilkin sanksiyalar paketini Bəşər Əsəd rejimi tərəfindən Livan ərazilərinin işğalı, İraqın işlərinə qarışması, "Hizbullah" və HƏMAS-a dəstəyi ilə izah edib. Aİ bu sanksiyalara 2011-ci ilin əvvəlində qoşulub.
2024-cü ilin dekabrında Suriyada Əsəd rejiminin devrilməsindən sonra iqtidara gələn yeni hökumət Qərb ilə rəsmi əlaqələri bərpa edib. Keçid prezidenti Əhməd əş-Şaraa ABŞ-nin xüsusilə təhlükəli terrorçular siyahısından çıxarılıb. Aİ nümayəndələri onunla görüşlər keçirib, prezident Tramp isə mayda onunla görüşüb.