Rusiya Ukraynaya danışıqların ikinci raundu üçün gələn bazar ertəsi, iyunun 2-də İstanbulda görüşməyi təklif edib. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatında deyilir. Onun sözlərinə görə, Rusiya tərəfi Ukrayna ilə sülh müqaviləsi haqqında memorandum hazırlayıb və onu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski təqdim edəcək.
Əvvəlki görüşdə iki ölkənin nümayəndə heyətləri hər bir tərəfin atəşkəsə dair mövqeyini əks etdirən sənədlər hazırlamaq barədə razılığa gəliblər.
Mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların birinci raundu baş tutub. Tərəflər xüsusən də "1000-ə 1000" formatında hərbi əsir mübadiləsinə razılaşıblar. Medinskinin sözlərinə görə, Kiyev Rusiya və Ukrayna prezidentləri arasında birbaşa danışıqlar istəyib.
27 may
Tramp, Putin və Zelenski Cenevrədə görüşə bilərlər
ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq deyir ki, Donald Tramp, Vladimir Putin və Volodimir Zelenski arasında mümkün görüş Cenevrədə baş tuta bilər.
Bu barədə o, "Fox News" telekanalının efirində məlumat verib.
Kelloqun sözlərinə görə, ABŞ artıq Ukrayna tərəfindən atəşkəs şərtlərini sadalayan sənəd alıb və indi Rusiyadan da oxşar memorandum gözləyir.
"Prezident Tramp bir həftə əvvəl prezident Putinlə danışanda rusiyalılar mənim "şərtlər siyahısı" adlandırdığım memorandum hazırlamağı planlaşdırdıqlarını söylədilər. Biz sülhə belə çatacağıq. Artıq Ukrayna tərəfindən belə sənədi almışıq. İndi rusiyalılardan almalıyıq", - Kelloq vurğulayıb.
"Biz Vatikanda görüş keçirmək istəyirdik, lakin rusiyalılar ora getməkdən imtina etdilər. Ona görə də Cenevrə hər üç əsas liderin - prezident Tramp, prezident Putin və prezident Zelenskinin sənədi razılaşdırmaq və müharibəni bitirmək üçün bir araya gələ biləcəyi növbəti mümkün yer kimi nəzərdən keçirilir", - Kelloq əlavə edib.
Mümkün üçtərəfli sammitin tarixi və formatı ilə bağlı, hələlik, rəsmi təsdiq yoxdur.
D.Tramp və V.Putin
20 may
Tramp Putinə zəng etdi. Nə danışdılar?
"Rusiya Ukrayna tərəfi ilə gələcəkdə mümkün sülh müqaviləsi ilə bağlı memorandum üzərində işləməyə hazırdır". Bunu Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra bildirib.
O vurğulayıb ki, bu sənəddə nizamlanma prinsipləri arasında "müvafiq razılaşmalar əldə olunarsa, müəyyən müddətə mümkün atəşkəs" də yer alacaq.
Putinin sözlərinə görə, Rusiya və Ukrayna bütün tərəfləri qane edəcək kompromislər tapmalıdır.
O, Trampla söhbəti "konstruktiv" və "faydalı" adlandıraraq Rusiya üçün əsas məsələnin hələ də "böhranın köklü səbəblərini aradan qaldırmaq" olduğunu bildirib.
Kremlin mətbuat katibi Dmitri Peskov Putinin Trampla söhbətini şərh edərkən ABŞ prezidentinin Ukraynadakı münaqişə ilə bağlı mövqeyini "kifayət qədər neytral" adlandırıb, eyni zamanda Avropa ölkələrini "açıq-aşkar Ukraynayönlü" mövqedə günahlandırıb.
Tramp: Rusiya və Ukrayna "dərhal" danışıqlara başlayacaq
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə iki saatdan çox söhbətinin "çox yaxşı" keçdiyini bildirib. Bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, Rusiya və Ukrayna dərhal atəşkəs və "daha da önəmlisi müharibənin dayandırılması" ilə bağlı danışıqlara başlayacaq."Roma Papasının şəxsində Vatikan danışıqlara ev sahibliyi etməkdə çox maraqlı olduğunu bildirib", - o əlavə edib.
Bundan əvvəl ABŞ vitse-prezidenti Ceyms Devid Vens Ukraynada müharibəyə son qoymaq üçün danışıqların dalana dirəndiyini, Ağ ev isə Trampın münaqişənin hər iki tərəfindən yorulduğunu və məyus olduğunu bildirmişdi.
Trampın xüsusi nümayəndəsi Kit Kelloq deyib ki, Vaşinqtonun Ukraynadakı münaqişə ilə bağlı həll planının 22 bəndindən birincisi "hərtərəfli" atəşkəsdir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, Moskva Ukraynada "uzunmüddətli dinc nizamlanma" yollarının ciddi axtarışına köklənib, lakin onunla "ultimatum dili ilə" danışmaq olmaz.
Zelenski sanksiyaları sərtləşdirməyə çağırır
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampı Moskva yaxın vaxtlarda Ukraynada atəşkəsə getməyəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.
AFP adı açıqlanmayan yüksəkrütbəli Ukrayna rəsmisinə istinadən yazır ki, bu çağırış Zelenski ilə Tramp arasında telefon danışığı zamanı səsləndirilib. ABŞ prezidenti Ukrayna dövlət başçısına bazar ertəsi Rusiya prezidenti Vladimir Putinlə danışıqlarının məzmunu barədə məlumat verib. Zelenski və Tramp 10-15 dəqiqə danışıblar.
Bazar ertəsi axşam Zelenski Ukrayna qoşunlarının Rusiyanın özününkü saydığı və rəsmi olaraq öz tərkibinə qatdığı bölgələrdən çıxarılmasını bir daha istisna edib. Kreml bəyan edir ki, Ukraynaya qarşı müharibənin dayandırılmasının şərti Zaporojye, Xerson, Donetsk və Luqansk vilayətlərinin tamamilə Rusiyanın nəzarətinə keçməsidir.
Həmçinin bazar ertəsi Zelenski Ukraynada müharibənin bitirilməsi barədə danışıqlar aparmaq üçün daimi genişləndirilmiş milli qrup yaratmağı tapşırıb. O, bu qərarı ötən həftəsonu İstanbulda Rusiya nümayəndə heyəti ilə danışıqlarda Ukrayna heyətinə rəhbərlik edən müdafiə naziri Rustem Umerovla görüşündən sonra açıqlayıb. İstanbul danışıqlarının əsas nəticəsi "1000-ə 1000" formatında hərbi əsirlərin mübadiləsinə dair razılaşma olub.
Xatırlatma
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.
2022-ci ildə prezident V.Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.
Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.