Rusiya işğal etdiyi ərazilərdəki ukraynalıları kameraya atır, işgəncə verir – Hesabat

Minlərlə ukraynalı hərbi əsir və mülki şəxs qeyri-rəsmi kameralarda saxlanır

Tetyana Tipakova 2022-ci ildə Rusiya ordusu tərəfindən Ukraynanın işğalına qarşı çıxış etdiyinə görə həbs olunarkən yaşadığı işgəncələrin xatirələri ilə hələ də əzab çəkir. Onun sözlərinə görə, aylarla saxlanıldığı kamera cəmi 3 metr uzunluğunda və onun yarısı qədər enində olub.

"Onlar səni əlləri, ayaqları və müxtəlif əşyalarla döyürlər",– deyə Tipakova bildirib. "Məni kitabla və taxta çubuqla döydülər".

O zaman öz-özünə bir söz vermişdi - nə olursa-olsun, yıxılmayacaqdı: "Əgər yıxılsan, başa düşürsən ki, mütləq qalxmalısan, çünki yerdə olanda səni təpikləyəcəklər və bu daha da ağrılı olacaq".

Tipakova Rusiya qüvvələri tərəfindən sistemli şəkildə oğurlanmış və işgəncəyə məruz qalmış minlərlə ukraynalıdan biridir. "The Guardian", "Azov Sea News" və "IStories"in araşdırma jurnalistləri bununla bağlı hesabatlar hazırlayıb.

"Amnesty International" da bildirib ki, Rusiya qüvvələrinin nəzarətində olan ərazilərdə qeyri-rəsmi kameralar (saxlanma yerləri) – adətən məktəblərdə, sənaye obyektlərində və evlərin zirzəmilərində – geniş şəkildə yayılıb.

T.Tipakovanın sözlərinə görə, o, dəhşətli işgəncələrə məruz qalsa da, digərlərinin yaşadıqları daha dəhşətli olub: "Aramızda elə qızlar vardı ki, zirzəmidə yox, evlərində saxlanılırdılar. Onlar analarının gözü qarşısında zorlanırdılar, daha sonra anaları qızlarının gözü qarşısında zorlanırdı".

İşgəncələr bir yana, əsirlər çox zaman aylarla, bəzən illərlə tam təcrid olunmuş vəziyyətdə saxlanılır – ailələri onların harada olduğunu, hətta sağ qalıb-qalmadığını belə bilmirlər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiyalılar minlərlə ukraynalı hərbi əsiri və dinc sakini kameralarda saxlayırlar

"İşgəncə kamerası istənilən fərdi evdə ola bilər"

Araşdırmaçı jurnalist Polina Ujvak ("IStories") bildirir ki, döyülmə və bəzən insan bədəninə naqillərlə elektrik verilməsi kimi işgəncələr hərbi əsirlər üçün adi haldır. "Çox sayda əsir döyülür və işgəncəyə məruz qalır ki, onlardan məlumat alsınlar", – deyə o qeyd edir. "Bu, onların əsirlərə yanaşma tərzidir. İnsanın heç bir məlumatı olmasa belə, onu döyəcəklər – xüsusilə də əgər kişi olarsa".

Ujvak deyir ki, işğal olunmuş Ukrayna ərazilərində saxlanılan şəxslərin bəziləri azad olunaraq evlərinə qayıda bilirlər.

"Bəzən insanları oğurlayırlar və bir müddət sonra buraxırlar," – deyə o bildirir. "Bəziləri isə Rusiya həbsxana sisteminə göndərilir və ondan sonra azad olunmağın yeganə yolu məhbus mübadiləsidir. Amma əslində bu mübadilələr çox nadir hallarda baş verir".

Xerson rayon şurasının müşaviri Roman Baklajov 54 gün Rusiya qüvvələrinin əsirliyində olub. Rusiya işğalı altında olan ərazilərdə seçilmiş yerli məmurların hədəfə alınması adi hal idi.

O, yaradılan saxlama kameralarının heç kimə sirr olmadığını deyir.

"İşgəncə kamerası istənilən yerdə, istənilən zirzəmidə, istənilən fərdi evdə ola bilər", - Baklajov bildirib. "Məktəblərdəki işgəncə kameraları, Kaxovka və Nova Kaxovkada polis bölmələri ümumilikdə ictimaiyyətə məlumdur".

Ukrayna hökuməti on minlərlə ukraynalını itkin siyahısına salınıb. Məlumatlara görə, onlar Rusiya qüvvələri tərəfindən saxlanılır.

"Zmina" İnsan Hüquqları Mərkəzinin əməkdaşı Boris Petrunyok bildirib ki, rusiyalı müstəntiqlər artıq məhbuslardan hərbi kəşfiyyat məlumatları almağa çalışmırlar. "Motivasiya artıq açıq şəkildə Ukrayna kimliyinin və işğala sədaqətsizliyin bütün təzahürlərinə qarşı yönəlir", – deyə Petrunyok bildirib. "İnsanlar – əgər işğalı qəbul etmirlərsə – Rusiya üçün real təhlükə yaradıb-yaratmamalarından asılı olmayaraq hədəfə çevrilirlər".

Yazı AzadlıqRadiosunun Ukrayna xidməti və jurnalist Natalka Koşeliyeva tərəfindən hazırlanıb.