Prezident Vladimir Putin Rusiyanın Kursk bölgəsinə gözlənilməz səfər edib. Ötən ilin yayında Ukrayna qüvvələri bölgəyə hücum edərək bəzi ərazilərə nəzarəti ələ keçirib, lakin bu, qısamüddətli olub. Rusiya qoşunları Ukrayna qüvvələrini oradan çıxardığı vaxtdan bəri bu, Putinin həmin bölgəyə ilk səfəridir.
Dövlət televiziyasında yayımlanan kadrlarda göstərilib ki, Putin mayın 21-də ərazidən bir neçə sakinlə, eləcə də vilayətin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteynlə görüşüb.
Ukrayna qoşunları ötən ilin avqustunda Kurska hücum həyata keçirib və Rusiyanı hazırlıqsız yaxalayıb. Kiyev həmin vaxt Kursk bölgəsində təxminən 1400 kvadrat kilometr ərazini nəzarətə götürdüyünü bildirib. Ötən ay Moskva hücumun qarşısının tam alındığını və Ukrayna hərbçilərinin bölgədən çıxarıldığını açıqlayıb.
Putinin bu səfəri onun sülh danışıqlarını qəsdən ləngitməkdə ittiham olunduğu bir vaxta təsadüf edir. Analitiklər bildirir ki, o, danışıqlarda daha güclü mövqe qazanmaq üçün mümkün qədər çox ərazini nəzarətə götürməyə çalışır.
Ötən həftə Rusiya və Ukrayna müzakirəçiləri döyüşləri dayandırmaq məqsədilə üç ildən bəri ilk dəfə üz-üzə danışıqlar aparıblar.
Bu istiqamətdə cüzi irəliləyiş əldə olunub, bu da ABŞ prezidenti Donald Trampı mayın 19-da rusiyalı həmkarı Vladimir Putinlə ikisaatlıq telefon danışığı aparmağa vadar edib. Moskva atəşkəs üçün ilkin şərtləri əhatə edən bir memorandum hazırlamağı vəd edib. Lakin bir çox analitiklər və Avropa diplomatları bunu Kreml tərəfindən vaxt udmağa yönəlmiş bir addım kimi qiymətləndirir.
Marko Rubio
Tramp da tələsmir
ABŞ dövlət katibi Marko Rubio mayın 20-də Senatın Xarici Əlaqələr Komitəsinin iclasında bildirib ki, prezident Donald Tramp Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməyib. Onun sözlərinə görə, ABŞ prezidenti hesab edir ki, "bu mərhələdə sanksiya hədələri səsləndirilsə, ruslar danışıqlardan imtina edəcəklər. Hazırda onlarla dialoqu davam etdirmək və danışıqlara cəlb etmək bizim üçün əhəmiyyətlidir".
Avropa İttifaqı (Aİ) və Britaniya mayın 20-də Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyiblər. Aİ bəyan edib ki, blok Rusiyaya qarşı daha bir "kütləvi" məhdudiyyətlər planı üzərində işləyir.
Öz növbəsində Kreml danışıqlar prosesini bilərəkdən uzatdığına dair iddiaları bir daha rədd edib. Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib: "Hər kəs münaqişənin həlli istiqamətində dinamik şəkildə çalışır".
Tramp vəzifəyə başlayanda bildirib ki, Ukraynadakı döyüşlərin dayandırılması onun xarici siyasətinin əsas prioritetidir. Martda o, tərəfləri dərhal 30 günlük atəşkəsə razılaşmağa çağırıb və o vaxtdan bəri bu çağırışını dəfələrlə təkrarlayaraq atəşkəsi pozan istənilən ölkəyə sanksiya tətbiq edəcəyini bəyan edib.
Ukrayna prezidenti Volodimir Zelenski Ağ evin təklifini qəbul etdiyini açıqlasa da, V.Putin bu tələbi rədd edib və Kiyevin əvvəlcə müəyyən ilkin şərtlərlə razılaşmasını tələb edib. Bu şərtlərə Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsinin tanınması, Ukraynanın demilitarizasiyası və neytral status alması daxildir.
Mayın 19-da keçirilən telefon danışığından sonra Trampın danışıqlardan geri çəkilməyə hazır olduğu görüntüsü yaranıb.