Bu gün, mayın 22-də musiqi müəllimlərinin attestasiyası ilə bağlı Bakı Xoreoqrafiya Akademiyasına növbəti infotur təşkil olunub.
Bu barədə Mədəniyyət Nazirliyinin saytında məlumat yayılıb.
İnfotur zamanı mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov attestasiya prosesi haqqında məlumat verib. Onun sözlərinə görə, 500-ə yaxın musiqi müəllimi attestasiya imtahanından keçməyib. Vurğulayıb ki, ilk mərhələ Bakı, Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbinin 1759 fortepiano, musiqi nəzəriyyəsi müəllimini əhatə edib: "Fevral-mart aylarında keçirilən bu mərhələdə 1675 nəfər iştirak edib. Bu, attestasiyaya cəlb olunmalı müəllimlərin 95.2 faizini təşkil edir. Attestasiyadan uğurla keçmiş 1183 müəllimdən 650 nəfər, yəni 55 faiz ən yüksək nəticə göstərib".
Attestasiyanın ikinci mərhələsi davam edir
Mayın 12-də attestasiyanın növbəti mərhələsinə start verilib. İlk gün Bakı və Abşeron-Xızı regionları üzrə əvvəlki mərhələdə üzrlü səbəbdən iştirak edə bilməyən müəllimlərin attestasiyası keçirilib. Mayın 23-nə kimi davam edən attestasiyaya Quba-Xaçmaz, Mil-Muğan, Şirvan-Salyan regionları üzrə 20 musiqi və incəsənət məktəbinin fortepiano, musiqi nəzəriyyəsi ixtisasları üzrə ümumilikdə 568 müəllimi cəlb olunub. Hələlik, yekun statistika açıqlanmır.
Nazirliyin açıqlamasına görə, Bakı, Abşeron-Xızı regionlarının musiqi və incəsənət məktəblərinin fortepiano, musiqi nəzəriyyəsi ixtisasları üzrə keçirilmiş attestasiyanın nəticələrinə əsasən, 100-dən çox müəllim müvafiq ixtisaslar üzrə təlimlərə cəlb olunub: "Onlar müəllimlərin işə qəbulu üzrə test imtahanı və müsahibə mərhələsindən uğurlu nəticə əldə etməklə yenidən məktəblərdə işləyə bilərlər".
Mayın 29-dan etibarən Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Mil-Muğan, Şirvan-Salyan regionları üzrə xalq çalğı alətləri və xanəndəlik ixtisaslarının təhsilverənləri üçün attestasiyanın keçirilməsi planlaşdırılır.
Rəsmilərin bildirməsinə görə, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin attestasiyası onların ixtisasının, peşəsinin tutduqları vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə həyata keçirilir. Attestasiya prosesinə bu ilin fevralından başlanılıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Musiqi müəllimlərinin etirazı: 'Qərəzli şəkildə bizi çörəksiz qoydular'
Attestasiyadan keçməyənlər ikinci şans istəyir
Attestasiyadan keçə bilməyən müəllimlər isə bu məsələ ilə bağlı şikayətlərini dilə gətirirlər. Həmin müəllimlərdən bəziləri deyib ki, imtahan şəffaf keçirilməyib. Onların sözlərinə görə, attestasiyada sualların də bir çoxu düzgün qoyulmayıb.
Adının çəkilməsini istəməyən bir müəllim isə vurğulayıb ki, onların çalışdığı məktəbin texniki imkanları belə attestasiyada bütün suallara düzgün cavab verilməsinə imkan yaratmayıb. Həmin müəllimlər onlara ikinci şans verilməsini istəyiblər.
İmtahan Komissiyasından isə bütün bu narazılıqlarla bağlı yerli mediaya açıqlamalarında prosesin şəffaf və obyektiv keçirildiyini bildiriblər. Komissiya hesab edir ki, bəzi müəllimlər attestasiyaya məsuliyyətlə yanaşmayıblar.