Tənqidçiləri deyirlər ki, Orbanın partiyası Rusiyanın 'xarici agentlər' qanununa bənzər layihə verib

Macarıstan QHT-lərinin üzvləri və tərəfdarları vətəndaş cəmiyyətinə təzyiqlərə etiraz edirlər

Macarıstan baş naziri Viktor Orbanın millətçi partiyası "Fideş" (Fidesz) parlamentə yeni qanun layihəsi təqdim edib. Qanun layihəsinə əsasən, əgər xaricdən maliyyələşən təşkilatlar milli suverenliyə təhlükə kimi qiymətləndirilərsə, onların qara siyahıya salınması nəzərdə tutulur. Tənqidçilər bu addımı qarşıdan gələn seçkilər ərəfəsində müxalif səsləri boğmaq üçün atılmış növbəti cəhd kimi dəyərləndirirlər.

Qanun layihəsi "xarici dəstək ilə ictimai həyata təsir göstərməyə yönəlmiş fəaliyyətlər" həyata keçirməklə Macarıstanın suverenliyini təhlükə altına salmaqda ittiham olunan təşkilatların izlənməsi, məhdudlaşdırılması və mümkün halda qadağan edilməsini nəzərdə tutur. Bunu isə Macarıstanda mübahisəli qurum hesab olunan Suverenliyin Qorunması İdarəsi (SPO) həyata keçirəcək.

Bu qanun Kremlin Rusiyanın vətəndaş cəmiyyətinə qarşı istifadə etdiyi "xarici agentlər" haqqında qanunu ilə müqayisə olunur.

"Fideş" partiyasının böyük səs çoxluğuna sahib olduğu parlamentin yaxın günlərdə sözügedən qanun layihəsini səsverməyə çıxaracağı gözlənilir.

Bu addım martda baş nazir Viktor Orbanın xaricdən maliyyə dəstəyi alan siyasətçilərə və jurnalistlərə qarşı sərt tədbirlər görəcəyinə dair verdiyi vəddən sonra atılıb və son illərdə hüquqi dəyişikliklərlə etiraz səslərini, ifadə azadlığını və təhsili hədəf alan daha genişmiqyaslı kampaniyanın bir hissəsi kimi qiymətləndirilir.

Budapeştin meri Qerqey Karaçon "Facebook" hesabında yazıb: "Təqdim olunan qanun layihəsi... Rusiya nümunəsinə uyğundur: bu, hakimiyyətdən sui-istifadə, qisas və xırdaçılıq haqqındadır".

Rusiya özünün "xarici agentlər" qanunundan vətəndaş cəmiyyətinin, demək olar ki, bütün aspektlərini sıxışdırmaq üçün istifadə etməkdə ittiham olunur.

Əgər yeni qanun layihəsi qəbul olunarsa, Suverenliyin Qorunması İdarəsinə (SPO) xaricdən maliyyələşən hüquqi şəxslərin siyahısını tərtib etmək səlahiyyəti veriləcək. Əgər bu qurumlar öz fəaliyyətləri ilə Macarıstanın "müstəqil, demokratik və hüququn aliliyinə əsaslanan xarakterini sarsıtmaq" və ya ölkənin konstitusion kimliyini və xristian mədəniyyətini pozmaq təhlükəsi yaradırlarsa, həmin təşkilatlar siyahıya salınacaq.

Belə pozuntulara evlilik, ailə və genderlə bağlı ənənələrin sorğulanması da daxildir.

Keçən ay Macarıstanda qəbul olunan konstitusiya dəyişiklikləri isə ictimai yerlərdə homoseksuallığın və gender müxtəlifliyinin nümayişini rəsmi şəkildə qadağan edib və polisə üztanıma texnologiyasından istifadə səlahiyyəti verib.

Hüquq müdafiə təşkilatı olan Macarıstan Helsinki Komitəsi Orban hökumətinin irəli sürdüyü qanunvericiliyi "müxalif fikirləri sıxışdırmaq, insan hüquqlarının müdafiəsini zəiflətmək və hakimiyyəti möhkəmləndirmək səylərində əhəmiyyətli artım" kimi dəyərləndirib.

Baş nazir V.Orban sabiq müttəfiqi Peter Madyarın rəhbərlik etdiyi "Tisza" partiyasının yüksəlişi fonunda ənənəvi dəyərlərin müdafiəsi kampaniyasını gücləndirib.

Macarıstanda gələn il ümumi seçkilərin keçirilməsi planlaşdırılır və rəy sorğuları göstərir ki, iqtisadi durğunluq səbəbindən Madyar və onun partiyası sürətlə dəstək qazanır.

Yazı AzadlıqRadiosunun Macarıstan xidmətinin Budapeşt bürosunun redaktoru Palma Fazekaş tərəfindən hazırlanıb.