Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə atəşkəsə sadiq qalmağa həqiqətən hazırdırmı? Litvanın xarici işlər naziri Kyastutis Budris belə düşünmür.
AzadlıqRadiosuna verdiyi müsahibədə Budris bildirib ki, Putinin əməllərindən görünən odur ki, "onun buna heç marağı yoxdur".
Budris mayın 19-da AzadlıqRadiosunun Praqadakı mənzil-qərargahında müsahibəsində deyib: "Ya atəşkəs, ya da real sülh danışıqları. Çünki onun necə istifadə edəcəyini bildiyi yeganə vasitə qəddar güc, terror və təzyiqdir".
O, bu müsahibəni ABŞ prezidenti Donald Trampın Putinlə iki saatlıq telefon danışığı apardığı gün verib. Telefon danışığı atəşkəslə bağlı danışıqlara dərhal başlamaq vədi ilə başa çatıb. Lakin Rusiya liderinin sonrakı şərhləri bu prosesi mərhələli şəkildə həyata keçirmək niyyətində olduğunu göstərib. O, səylərin "ümumilikdə düzgün yolda" olduğunu bildirib.
Tramp vəzifəyə gəldikdən bəri dəfələrlə müharibəyə son qoyacağına söz verib. ABŞ diplomatları bu ilin əvvəlində Qara dənizdə kommersiya gəmiçiliyini və mülki infrastrukturu əhatə edən qismən atəşkəs sazişləri üzrə danışıqlar aparıblar.
Tramp hələ də potensial razılıq əldə etmək üçün Putinlə şəxsən görüşmək istəyir və ABŞ-nin səylərini vurğulayır. Ancaq nazir Budris Moskvaya daha güclü təzyiqin lazım ola biləcəyini düşünür.
"Əgər biz bu məqamda atəşkəsə nail ola bilməmişiksə, bu o deməkdir ki, Tramp administrasiyasının haqlı olaraq bu aylarda göstərdiyi bütün diplomatik səylər nəticəsiz qalıb", – o bildirib. "Bu isə o deməkdir ki, atəşkəsə və ardınca sülhə nail olmaq üçün digər alətlər paketini işə salmalıyıq. Bu alətlər isə əlavə sanksiyalar və Ukraynaya əlavə dəstək vasitəsilə təzyiqdir".
Tramp, hələlik, Rusiyaya qarşı yeni sanksiyaları imzalamağa hazır olmadığını bildirib.
Bu arada ABŞ-nin respublikaçı senatoru və Trampın yaxın müttəfiqi Lindsi Qrem Rusiya neftini alan ölkələrə 500 faiz rüsum tətbiq etməyi təklif edib.
Litva XİN rəhbəri deyib ki, Rusiyanın enerji ixracatının hədəf alınması Moskvanı həqiqətən sülh nizamlanmasına doğru irəliləməyə məcbur edə bilər.
"Biz Rusiyanın büdcəsinə əsas gəlirləri və onların müharibə maşınına əsas maliyyəni dayandırmalıyıq. Bu da qaz, neft və LNG (maye təbii qaz) ixracıdır", – o bildirib.
Avropa İttifaqı (Aİ) son iki il ərzində Kremlə qarşı ciddi enerji sanksiyalarında uğurlu ola bilməyib, baxmayaraq ki, bununla bağlı çox danışılıb. Əslində, Avropanın Rusiyadan LNG-sinin idxalı 2024-cü ildə əvvəlki illərlə müqayisədə artıb.
Macarıstan Rusiyaya qarşı bütün sektoral sanksiyalara veto qoyacağına işarə edib və bunun əvəzinə Avropa Komissiyası Rusiya qazının tədricən Aİ bazarından çıxarılmasını təklif edib — bu isə tam şəkildə yalnız 2027-ci ilin sonuna doğru həyata keçirilə bilər.
Belarusun məhkəməyə verilməsi
Budris həmçinin izah edib ki, niyə Vilnüs mayın 19-da Belarusun Litvaya qarşı miqrant qaçaqmalçılığını təşkil etdiyinə görə bu ölkəni Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ) vermək qərarına gəlib.
Bu fəaliyyət hələ 2021-ci ildə başlayıb, Lukaşenko rejimi, əsasən, Əfqanıstan, İraq, Suriya və Yəməndən olan miqrantları Belarusa cəlb edərək onları Latviya, Litva və Polşa kimi Aİ ölkələrinin sərhədlərini keçməyə təşviq edib.
Hər üç ölkə sərhəd nəzarətini gücləndirib və Aİ Minskə sanksiyalar tətbiq edib. Lakin Budrisin sözlərinə görə, Vilnüs indi daha bir addım ataraq məsələni beynəlxalq məhkəməyə çıxarıb.
"Belarus tərəfi bu praktikanı yenidən tətbiq etməyə cəhd göstərir. Buna görə də biz məsuliyyət tələb edirik və beynəlxalq ictimaiyyətə göstərməliyik ki, insanları qonşu ölkəyə qarşı alətə çevirmək bu şəkildə olmamalıdır", – o bildirib.
Budrisin sözlərinə görə, hüquqi yol həm də çəkindirici rol oynayır: "Biz məsuliyyətsizliyi cavabsız qoya bilmərik, çünki gələcəkdə bu cür hərəkətlər başqaları tərəfindən də təkrarlana bilər".
"Bu səbəbdən də Rusiya indi tarixi yenidən yazmağa və Sovet cinayətləri ilə bağlı fərqli narrativ danışmağa imkan tapır. Çünki Sovet cinayətləri heç vaxt xüsusi tribunal qarşısına çıxarılmayıb, ittiham olunmayıb və cəza almayıb — nasist rejimindən fərqli olaraq", –nazir əlavə edib.
Müsahibə AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak tərəfindən alınıb.