G7 nazirləri razılaşıblar ki, Ukraynada atəşkəs olmasa, Rusiyaya təzyiqləri artırsınlar

G7-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Banfda görüşür

G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Kanadada keçirilən görüşdə razılığa gəliblər ki, əgər Rusiya Ukraynadakı müharibəsində atəşkəs təşəbbüsünə müqavimət göstərsə, ona qarşı əlavə sanksiyalar tətbiq oluna bilər.

Maliyyə rəhbərləri mayın 22-də keçirilən görüşün sonunda yayımladıqları kommünikedə Rusiyanın "amansız" müharibəsini pisləyiblər. Onlar bəyan edib ki, əgər atəşkəsə nail olmaq səyləri uğursuz olsa, onlar sanksiyaların daha da gücləndirilməsi də daxil bütün mümkün variantları nəzərdən keçirəcəklər.

Kommünikedə həmçinin qeyd olunub ki, G7 ölkələrinin yurisdiksiyasında saxlanılan Rusiyanın suveren aktivləri Moskva müharibəni dayandırana və Ukraynaya vurduğu ziyanın əvəzini ödəyənə qədər dondurulmuş vəziyyətdə qalacaq.

Nazirlər Rusiya döyüş maşınını maliyyələşdirən və ya təchiz edən hər hansı ölkənin və ya qurumun Ukraynanın yenidən qurulmasından mənfəət əldə edə bilməməsini təmin etmək üçün birlikdə çalışacaqlarına söz veriblər.

"Bu, çox ciddi bir bəyanatdır", –Kanadanın maliyyə naziri Fransua-Filipp Şampan bildirib və bunu kommünikenin əsas sütunlarından biri adlandırıb. Kommünikedə Rusiyaya mühüm komponentlər təchiz etməkdə ittiham olunan Çin və digər ölkələrin adı çəkilməyib.

Nazirlərin görüşü həm də iyunun ortalarında baş tutacaq G7 sammitinə hazırlıq xarakteri daşıyır. Ağ ev mayın 22-də təsdiqləyib ki, ABŞ prezidenti Donald Tramp həmin sammitdə iştirak edəcək.

Ukraynanın maliyyə naziri Sergiy Marçenko da nazirlərin görüşündə iştirak edib və G7 ölkələrini Rusiyaya təzyiqləri davam etdirməyə çağırıb.

Müharibənin başa çatması üzrə diplomatik səylər sürətlənib. Ötən həftə Rusiya və Ukrayna rəsmiləri son üç ildən artıq müddətdə ilk dəfə üzbəüz danışıqlar aparıblar.

İki ölkənin tezliklə Vatikanda danışıqlar aparacağı barədə mübahisəli xəbərlər var. Kreml mayın 22-də bildirib ki, Ukrayna ilə yeni sülh danışıqları hələ razılaşdırılmayıb.

ABŞ prezidenti Donald Tramp mayın 19-da rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və bu danışığın məqsədinin "qan gölü"nə son qoymaq olduğunu bildirib. Lakin nə bu zəng, nə də əvvəlki birbaşa danışıqlar Rusiyanın güzəştə getməsi ilə nəticələnib.