Aİ-nin ali nümayəndəsi Azərbaycanda Fransa vətəndaşının azad olunmasına şaddır

İlham Əliyev

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycanda həbsdə olan Fransa vətəndaşının azad olunmasına münasibət bildirib.

Mayın 27-də X sosial media hesabında paylaşım edən qurumun ali nümayəndəsi yazıb ki, Teo Klerkin azad olunması "sakit diplomatiyanın və qarşılıqlı hörmətə əsaslanan dialoqun nəyə qadir olduğunu göstərib".

"Onun həbsinin başa çatmasına görə rahatlıq hissi duyuram və xaricdəki vətəndaşlarımızı dəstəkləmək üçün üzərimə düşəni etməyə davam edəcəyəm", - Kallas əlavə edib.

26 may

Əfv sərəncamı imzalandı. Gözləntilər doğrulmadı

Mayın 26-da prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Sərəncama ümumilikdə 220 şəxs düşüb. Onlardan 175-i cəzasının qalan hissəsindən azad edilib.

Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 25 şəxsin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb

Əfv sərəncamına düşənlərdən biri cərimə edilibmiş.

Fransa vətəndaşı da əfv edilib

Əfv olunanlar arasında Fransa vətəndaşı 1986-cı il təvəllüdlü Teo Klerk Hüqo da var. O, Bakıda metro tunelinə qanunsuz daxil olaraq qatarların üstündə qrafitilər çəkməkdə günahlandırılaraq 2024-cü ilin sentyabrında Nərimanov rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Hüqo vəkili vasitəsilə əməlində xuliqanlıq niyyəti olmadığını deyirdi. Hüqoya görə Fransa Xarici İşlər Nazirliyi də açıqlama vermiş, onun həbsini "əsassız və açıq-aşkar ayrıseçkilik göstərən münasibət" adlandırmışdı.

Sərəncam ümumilikdə 16 xarici vətəndaşa şamil olunub. Onlardan beşi İran, dördü Rusiya, ikisi Gürcüstan, ikisi Pakistan, biri Fransa, biri Türkiyə və biri Əfqanıstan vətəndaşlarıdır.

Sizin brauzer HTML5-i dəstəkləmir

71-ci əfv sərəncamı: 'Siyasi məhbus' adlandırılanlardan heç kim siyahıda yoxdur

Siyasi məhbus siyahısında olanlar əfv siyahısına düşmədi

Siyasi məhbus hesab edilən bir məhkum belə bu əfv sərəncamına düşməyib. Bir sıra hüquq müdafiə təşkilatlarının açıqlamasına görə, Azərbaycanda hazırda 360-dən çox siyasi məhbus var. Rəsmilər isə ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar deyir ki, siyasi məhbus hesab edilən şəxslər sırf törətdikləri əmələ görə mühakimə olunublar.

Sonuncu belə sərəncam ötən il mayın 25-də, yenə Müstəqillik Günü ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Hüquq müdafiəçiləri onda da bildirmişdi ki, onların siyasi məhbus kimi tanıdıqları şəxslərin heç birinin adı həmin sərəncama düşməyib.