MeydanTV ilə bağlı cinayət işi üzrə həbs olunan jurnalist Ülviyyə Əlinin (Quliyevanın) zorakılıqla üzləşdiyi barədə şikayəti prokurorluğa göndərilib. Yaxınlarının AzadlıqRadiosuna bildirdiyinə görə, mayın 7-də Xətai rayon Məhkəməsində həbs qərarı verilən iclasda çıxış edən jurnalist saxlanılarkən qaba və insan ləyaqətini alçaldan davranışa məruz qaldığını deyib: "Ülviyyə polislərin bu davranışlarını məhkəmədə danışıb. Hakim də qərar verib ki, prokurorluq zorakılıq şikayətini araşdırsın".
Yaxınları bunu da bildiriblər ki, saxlanılarkən başına vurulan zərbələr üzündən jurnalistin səhhətində ciddi problemlər yaranıb. İndi Bakı İstintaq Təcridxanasında saxlanılan Ü.Əlinin kəskin baş ağrılarından əziyyət çəkdiyi və təcili müayinəyə ehtiyac duyduğu deyilir.
Ü.Əli bugünlərdə yaxınlarının yaydığı məktubda isə qeyd edib ki, saxlandıqdan sonra bir sutkada iki dəfə zorlama təhdidi alıb. Onun iddiasına görə, bu saxlandıqdan sonra polis əməkdaşlarının onun telefonun parolunu istəmələri zamanı baş verib.
Hələlik, bu iddiaya Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
+++
Ü.Əli mayın 6-da axşam saatlarında saxlanılıb və ertəsi gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın qərarı ilə onun haqqında 1 ay 29 günlük həbs-qətimkan tədbiri seçilib. Yaxınlarının bildirdiyinə görə, Ü.Əli haqqında həbs qərarından apellyasiya şikayəti verilib.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Ü.Əli özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirir.
Jurnalistin zorakılığa məruz qalması haqda şikayətinə Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.
Ü.Əli bu il yanvarın 16-da Bakı şəhər Baş Polis İdarəsində "MeydanTV işi" ilə əlaqədar dindirilib, onun ölkədən çıxışına qadağa qoyulub. Jurnalist bu qərarla razılaşmayaraq məhkəməyə üz tutsa da, məhkəmə də onun ölkədən çıxışına qoyulan məhdudiyyəti aradan qaldırmayıb.
O, MeydanTV ilə əməkdaşlıq etmədiyini açıqlamışdı: "MeydanTV ilə heç bir işgüzar bağlılığım yoxdur. Hətta belə bağlılığım olsa belə, MeydanTV ilə əməkdaşlıq cinayət deyil".
Xatırlatma
MeydanTV ilə əməkdaşlıq edən bir çox jurnalist ötən ilin dekabrında həbs olunub. Onlardan Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva və Ramin Cəbrayılzadə (Deko) dekabrın 6-dan həbsdədirlər. Onlarla yanaşı, Bakı Jurnalistika Məktəbi direktorunun müavini Ülvi Tahirov da həbs edilib. Həbsdəkilərin hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Adları çəkilən şəxslərdən başqa, fevralda daha üç jurnalist də MeydanTV ilə bağlı cinayət işi üzrə həbs olunub. Fevralın 4-də arqument.az saytının rəhbəri Şəmşad Ağayev, fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də isə Fatimə Mövlamlı saxlanılıb.
Jurnalistlər özlərini təqsirli bilmir, qaçaqmalçılıq ittihamının saxta olduğunu, peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.
2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında, azı, 350 civarında siyasi məhbus var. Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs olunmur. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.