Keçid linkləri

2025, 26 May, Bazar ertəsi, Bakı vaxtı 05:43

Həftənin məhkəmə, həbs xronikası. 'Arxanda 'Amerikanın səsi' var idisə...'


''Həyatından 10 ili sil' mesajı verilir' - Qatilə 9 il, jurnalistə 12 il cəza tələbi
Gözlə

No media source currently available

0:00 0:03:58 0:00

''Həyatından 10 ili sil' mesajı verilir' - Qatilə 9 il, jurnalistə 12 il cəza tələbi

Bu həftə həbsdə olan jurnalistlər və ictimai fəalların işləri üzrə 10-dək məhkəmə prosesi keçirilib. Bu məhkəmələri AzadlıqRadiosu daxil bir neçə media orqanı ətraflı işıqlandırdı.

'AbzasMedia işi'ndə təqsirləndirilənlərə 11-12 il cəza istənildi

Mayın 20-də "AbzasMedia işi" üzrə təqsirləndirilən jurnalistlərə prokuror cəza istəyib. "AbzasMedia"nın direktoru Ülvi Həsənli, jurnalist Hafiz Babalı, AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadəyə 12 il, nəşrin baş redaktoru Sevinc Vaqifqızı, koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Nərgiz AbsalamovaElnarə Qasımovaya 11 il həbs istənilib.

Həm "AbzasMedia", həm də son 18 ayda saxlanan digər jurnalistlər, ictimai fəallar, əsasən, qaçaqmalçılıq və digər maliyyə cinayətlərində ittiham olunurlar. Amma onlar ittihamları siyasi sayırlar.

Konqresmen prezident Əliyevə məktub yazıb. Fərid Mehralızadəni dərhal azad etməyə çağırır

Cəza istənilən gün ABŞ Konqresinin üzvü Ceyms Makqovern Azərbaycan prezidenti İlham Əliyevə məktub yazaraq AzadlıqRadiosunun jurnalisti F.Mehralızadənin həbsdə qalmasından dərin narahatlığını bildirib.

"Ümid edirəm ki, Azərbaycan ədalətli məhkəməyə dair beynəlxalq standartlara əməl edəcək, Fəridə qarşı əsassız ittihamları ləğv edəcək və o, dərhal, heç bir məhdudiyyətsiz azadlığa buraxılacaq", – konqresmen Makqovern yazır.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli
Ələsgər Məmmədli: 'Həkimlər vəziyyətimi bilir, amma əməliyyatla bağlı sənəd verməyə qorxurlar'

Bu həftə "ToplumTV" ilə bağlı cinayət işi üzrə də məhkəmə davam etdi. Bu iş üzrə media orqanının təsisçisi, media hüququ eksperti Ələsgər Məmmədli və daha yeddi nəfər həbsdədir. Ə.Məmmədli məhkəmədə deyib ki, təcili əməliyyat edilməlidir, yoxsa gec ola bilər, onun boğazındakı xoşxassəli şişin bədxassəli şişə çevrilmək ehtimalı çoxdur. Vəkil məhkəmədə vəsatət qaldırıb ki, Ə.Məmmədli ev dustaqlığına buraxılsın, təcili cərrahiyyə əməliyyatı ilə qalxanabənzər vəzdəki şiş götürülsün.

Araşdırıcı İqbal Əbilova 18 il həbs cəzası kəsildi

"Talış Milli Akademiyası xəbərləri" jurnalının baş redaktoru, tədqiqatçı İqbal Əbilova 18 il həbs cəzası kəsilib. O, dövlətə xəyanətdə, dövlət əleyhinə açıq çağırışlarda, milli, irqi, dini düşmənçiliyin salınmasında təqsirli bilinib. İ.Əbilov hökmdən öncə son sözündə deyib ki, ona qarşı irəli sürülmüş ittihamların hamısı əsassızdır, ortaya heç bir sübut qoyulmadan uzun müddətdir həbsdə saxlanılır. O, talış dili və mədəniyyətini araşdırdığını bildirib, ittihamları "absurd" adlandıraraq bəraət istəyib.

Tofiq Yaqublu
Tofiq Yaqublu
Tofiq Yaqublu Zahid Orucun məhkəmədə dindirilməsini tələb etdi

Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunu həbsdən buraxmadı. Bakı Apellyasiya Məhkəməsi siyasi fəal haqqında 9 illik həbs cəzasını qüvvədə saxlayıb. T.Yaqublu ona kəsilən cəzaya etiraz olaraq aprelin 1-dən mayın 10-dək, 40 gün aclıq aksiyası keçirib. Ailə üzvləri, vəkilləri bu aksiyanın onun səhhətində ciddi izlər buraxdığını deyir, onun müalicəsinə şərait yaradılmasını tələb edirlər.

T.Yaqublunun vəkilləri məhkəmə iclasında deputat Zahid Orucun dindirilməsi məsələsini qaldırıblar. Səbəb isə deputatın bir müsahibəsində T.Yaqublunun hökumət haqqında səsləndirdiyi fikirlərə görə cəzalandırıldığını deməsidir. "Zahid Oruc hökumətin sözünü deyən adamdır. Onun dedikləri mənim siyasi sifarişlə cəzalandırılmağımın sübutudur", - T.Yaqublu bildirib.

Məhkəmə Azər Qasımlını ev dustaqlığına göndərmədi

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının həbsi isə ev dustaqlığı ilə əvəzlənmədi. O, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilsə də, həbsini tənqidli fəaliyyəti ilə əlaqələndirir.

Ali Məhkəmə Elvin Mustafayevin şikayətini təmin etməyib

Ali Məhkəmə "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası üzvü Elvin Mustafayevin şikayətini təmin etməyib və aşağı instansiya məhkəmələrinin qərarını qüvvədə saxlayıb. Yaxınları ictimai fəalın cərimə təcridxanasına (kars) salındığını, mayın 22-də də karsdan elə birbaşa məhkəməyə gətirildiyini deyirlər. E.Mustafayev mayın 6-da siyasi məhbuslara dəstək məqsədilə aclıq aksiyasına başladığını açıqlamışdı. Sözügedən qurumun dörd üzvü müxtəlif ittihamlarla həbsdədir, ittihamların hamısını qurama, siyasi sayırlar.

Novruz Tağıyev və Rəşad Əliyev
Novruz Tağıyev və Rəşad Əliyev

Həbslər davam edir

Bu həftə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha iki üzvü həbs olundu. Partiya sədri Əli Kərimlinin mühafizəçisi Novruz Tağıyevə dələduzluq maddəsi ilə cinayət işı açılıb. Xətai rayon şöbəsinin üzvü Rəşad Əliyevə 5 sutka inzibati həbs verilib. Onun konkret nədə təqsirləndirildiyi açıqlanmayıb.

"37-ci il kimi 2025-ci il". AXCP sədri sosial şəbəkədə belə yazır: "Beləliklə, son iki ayda məni müxtəlif tədbirlərə öz maşını ilə aparan və ya məni həmin tədbirlərdə müşayiət edən səkkiz nəfər cəbhəçi fəal həbs olunub".

Hazırda bu partiyanın 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir.

Sosial şəbəkədə müxalifət fəallarının, jurnalistlərin həbsləri ilə bağlı paylaşımlar edən ingilis dili müəllimi Dəyanət Çələbinin də bu həftə saxlandığı, ona 30 sutka həbs cəzası verildiyi açıqlanıb.

Ülviyyə Əli
Ülviyyə Əli

"The Washington Post" Ülviyyə Əlidən yazır

Jurnalist, MeydanTV-yə qarşı cinayət işi çərçivəsində saxlanılmış Ülviyyə Əli həbsxanadan göndərdiyi məktubda bir sutkada iki dəfə Azərbaycan polisi tərəfindən zorlanma təhdidi aldığını yazıb. Jurnalistin daha öncə də səsləndirdiyi oxşar fikirlərə DİN-dən rəsmi münasibət gəlməyib. Amma DİN, bir qayda olaraq, saxlanma yerlərində pis rəftar iddialarını rədd edir.

Ü.Əli MeydanTV ilə əməkdaşlıq etmədiyini, "Amerikanın Səsi" (VOA) üçün çalışdığını bildirib. "The Washington Post" fəallara istinadla yazır ki, ABŞ prezidenti Donald Trampın bu media qurumunun maliyyəsini kəsməsi Ü.Əliyə daha böyük risk yaratmış ola bilər.

"Arxanda VOA, yaxud oxşar şəbəkələrdən birinin olması bəzən bir növ qoruma tədbirinə çevrilirdi", - bunu VOA-nın mətbuat azadlığı üzrə redaktoru Cessika Cerrit qəzetə deyib. O, bir qrup həmkarı ilə birlikdə martda məhkəmə iddiası qaldırıb, Tramp administrasiyasının media orqanını bağlamaq səylərini önləməyə çalışır.

"Məncə, bu, zəif durumda olan həmkarlarımızın çoxunun başına gələ bilər. Onlar həyatlarını riskə ataraq bizim üçün çalışıblar, biz də həmişə onları müdafiə edə bilmişik", - o əlavə edib.

Bu arada mayın 18-dən iyunun 18-dək ölkədə "İnsan Hüquqları Aylığı" elan edilib. Ombudsman Səbinə Əliyeva müraciətində yazıb ki, bu aylıq çərçivəsində tədbirlər sosial mediada xüsusi həştəqlə paylaşılsın. Rəsmilər ölkədə siyasi həbslərin olmasını qəbul etmirlər, şəxslərin fərdi cinayətlərə görə cəzalandırıldığını deyirlər. Amma yerli hüquq müdafiəçiləri hazırda ölkə həbsxanalarında 350-dən çox siyasi məhbusun olduğunu deyir. İndiyədək Aİ parlamenti, AŞPA Bakını bütün siyasi məhbusları azad etməyə çağırıb.

"Araz 2025" Azərbaycan-İran birgə təlimi
"Araz 2025" Azərbaycan-İran birgə təlimi

İranla birgə təlimlər. "Avraam razılaşmaları"

Həftənin diqqətçəkən olayları sırasında bu həftə Azərbaycanın İranla birgə hərbi təlimini qeyd etmək olar. Təlim işğaldan azad olunmuş ərazilərdə mayın 19-dan 21-dək keçirilib. Bu təlimdən öncə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Tehran Dialoq Forumunda iştirak edib.

Bu həftə iki il öncə Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum etmiş, bir nəfəri qətlə yetirmiş İran vətəndaşının edam xəbəri də gəldi.

İranla istiləşən münasibətlər fonunda Azərbaycanın müdafiə naziri Zakir Həsənov İsraildə görüşlər keçirdi.

AzadlıqRadiosu rəsmi Bakının Tehranın, yoxsa Təl-Əvivin yanında olması sualına cavab axtarıb:

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff bu yaxınlarda bir müsahibəsində Bakı və Yerevanın "Avraam razılaşmaları"na qoşula biləcəyindən danışıb.

İsraillə bəzi ərəb ölkələri arasında əlaqələrin normallaşdırılmasına xidmət edən bu sazişə qoşulmaq Azərbaycan üçün hansı imkanları aça bilər? AzadlıqRadiosu bu həftə bu suala da cavab axtarıb.

'Avraam razılaşmaları': Azərbaycanın regional siyasətində yeni gediş

Azərbaycan regional şahmat taxtasında yeni fiquru hərəkətə gətirməyə hazırlaşır – bu gedişin adı "Avraam razılaşmaları"dır. Onun nəticəsi bölgədə güc balansına təsir edə bilərmi? "Avraam razılaşmaları"na qoşulacağı halda, Bakı hansı diplomatik xəttə sürüklənə bilər?

XS
SM
MD
LG