Keçid linkləri

2025, 26 May, Bazar ertəsi, Bakı vaxtı 06:45

Alatavadakı söküntü üzündən həbs olunan şirkət rəhbəri buraxıldı, ekskavator sürücüsü həbsdə qaldı


'İcazə verməyəcəksiniz, zorla sökəcəyik' - Yaşayış ola-ola sökülən evdən REPORTAJ
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

'İcazə verməyəcəksiniz, zorla sökəcəyik' - Yaşayış ola-ola sökülən evdən REPORTAJ

Alatavada söküntü zamanı içində sakinlər olan evin uçurulduğu üçün həbs edilən "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov buraxılıb. AzadlıqRadiosunun bilgisinə görə, ötən həftə Xətai rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyeva onun ev dustaqlığına buraxılması barədə qərar çıxarıb.

Q.Məmmədovun vəkili onun istintaq gedən müddətdə ev dustaqlığına buraxılmasından ötrü məhkəməyə üz tutub, müvəkkilinin tanınmış işadamı olduğunu, yaşadığı yerin bilindiyini, istintaqdan yayınmaq niyyətinin olmadığını vurğulayıb. Məhkəmə bunları nəzərə alaraq vəsatəti təmin edib.

Sözügedən olayla bağlı şirkətin rəhbəriylə yanaşı, ekskavatorçu Qala Eynullayev də həbs olunmuş, onun da ev dustaqlığına buraxılması üçün ərizə verilmişdi. Ancaq ekskavator sürücüsüylə bağlı vəsatət təmin edilməyib. Hakim onu ev dustaqlığına buraxmaqdan boyun qaçırıb.

Xatırlatma

Hadisə martın 27-də Yasamal rayonu, Birinci Alatava massivi, Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında yaşanıb. Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, sakinlər içəridə ola-ola, evdə söküntü işləri aparılıb. Bu zaman ekskavator yaşayış olan evin bir hissəsini uçurub. Nəticədə evdəki sakinlərdən biri xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə, təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsiylə ittiham irəli sürülüb.

"Melissa Group" olayla bağlı açıqlamada hadisənin ehtiyatsızlıqdan baş verdiyini bəyan edib. Vurğulanıb ki, ekskavator sürücüsü həmin vaxt evdə sakinlərin olduğunu bilməyib.

"Melissa Group"a daxil olan "FEBA" MTK bəyan edib ki, rəsmi icazə olmadan evini uçurduqları Həbib Hacıyevə 651 min manat təklif etsələr də, vətəndaş 2 milyon manat istəyib.

Zərərçəkən tərəf bu barədə deyilənləri təkzib edib.

XS
SM
MD
LG