Keçid linkləri

2025, 26 May, Bazar ertəsi, Bakı vaxtı 07:58

ABŞ sıfır zənginləşdirmə istəyir, İran nüvə proqramından imtina etməməkdə israrlıdır


İranda Arak ağırlaşdırılmış su reaktoru
İranda Arak ağırlaşdırılmış su reaktoru

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff bəyan edib ki, Donald Tramp administrasiyasının İranla nüvə danışıqlarında "qırmızı xətti" Tehranın uranı hər hansı səviyyədə zənginləşdirmək qabiliyyətidir.
Buna cavab olaraq İran bildirib ki, razılaşma olsa da, olmasa da, uranın zənginləşdirilməsini davam etdirəcək.

"Biz hətta zənginləşdirmə qabiliyyətinin 1 faizinə belə icazə verə bilmərik", — Uitkoff mayın 18-də ABC telekanalına bildirib və vurğulayıb ki, mülki məqsədlər üçün belə olsa, hər cür zənginləşdirmə potensial olaraq silah istehsalına şərait yarada bilər.

"Hər şey... zənginləşdirməni əhatə etməyən bir razılaşma ilə başlamalıdır... çünki zənginləşdirmə silahlanmanı mümkün edir. Və biz bu bombanın buraya çatmasına imkan verməyəcəyik", — deyə o əlavə edib.

Razılaşma olsa da, olmasa da...

İranın xarici işlər naziri Abbas Əraqçi Uitkoffun tələbini rədd edərək, onu qeyri-real və danışıqların reallıqlarından qopmuş adlandırıb.

"İranda zənginləşdirmə, razılaşma olsa da, olmasa da, davam edəcək", - deyə Əraqçi X platformasında yazıb və İranın Nüvə Silahının Yayılmaması Müqaviləsini (NPT) imzalayan ölkə kimi zənginləşdirmə hüququnun müzakirə oluna bilməyəcəyini vurğulayıb.

"Əgər (ABŞ) İranın nüvə silahına sahib olmamasını təmin etməkdə gerçəkdən maraqlıdırsa, razılaşma əldə etmək mümkündür və biz bu nəticəni həmişəlik təmin edəcək həlldən ötrü ciddi danışıqlara hazırıq", - o əlavə edib.

Əraqçi ABŞ-nin ictimaiyyətə verdiyi mesajların ziddiyyətli adlandıraraq tənqid edib və sıfır zənginləşdirmə ilə bağlı bəyanatları Tramp administrasiyasının "xüsusi maraq dairələrini" sakitləşdirmək cəhdi kimi dəyərləndirib. İranlı nazir bu dairələri "bədxah aktorlar" kimi təsvir edib.

"Əvəzolunmaz" biliklər

Qarşıdurma fonunda, İranın ali dini rəhbəri Əli Xameneinin baş müşaviri Kamal Xərrazi mayın 18-də Tehranda illik toplantıda İranın zənginləşdirmə ilə bağlı mövqeyini müdafiə edib.

O, İranın nüvə sahəsindəki biliklərini "əvəzolunmaz" adlandırıb və əlavə edib ki, İran nüvə silahı əldə etməyə çalışmır, lakin regional nüvəsizləşdirmənin ortaq bir məqsədi olmalıdır.

Xərrazi daha əvvəl xəbərdarlıq etmişdi ki, İran nüvə silahı əldə etmək istəməsə də, bomba düzəldə və "ekzistensial təhlükə ilə üzləşərsə, nüvə doktrinasını yenidən nəzərdən keçirə bilər".

Uitkoff və Əraqçi Omanın vasitəçiliyi ilə nüvə danışıqlarının dörd raundunda birbaşa və dolayısı ilə görüşüblər. Lakin müzakirələrin beşinci raundu üçün tarix təyin olunmayıb. Bəzi mənbələrdə növbəti görüşün gələn həftəsonu keçirilə biləcəyi bildirilir.

"Yazılmamış ultimatum"

Tramp keçən həftə Vaşinqtonun Tehranla razılaşma əldə etməyə "yaxınlaşdığını" deyib və İranı ABŞ-nin nüvə proqramı ilə bağlı təklifi üzərində "tez hərəkətə keçməyə" çağırıb. XİN rəhbəri Əraqçi isə təkid edib ki, İran "yazılı" təklif almayıb.

"Onların bir təklifi var. Daha önəmlisi, onlar bilirlər ki, tez hərəkət etməlidirlər, yoxsa pis şeylər olacaq", - Tramp deyib.

Türkiyədə yaşayan təhlükəsizlik siyasəti üzrə analitik Huseyin Ağayi deyib ki, Trampın xəbərdarlığı "yazılmamış ultimatum" rolunu oynayır. Lakin o əlavə edib ki, ABŞ prezidenti İranla təkcə diplomatik yolla, Vaşinqtonun tələblərinə — zənginləşdirmədən imtina və regional fəaliyyətlərin azaldılması kimi — cavab verən bir razılaşma əldə etmək baxımından "çox nikbin" görünür.

"Tramp diplomatiyada israr edir və diplomatiyanın ABŞ-nin arzuladığı nəticələri verəcəyi sarıdan optimistdir", - təhlilçi AzadlıqRadiosunun "Fərda" xidmətinə deyib.

"ABŞ maksimalist tələblərindən əl çəkmədikcə, təkcə diplomatiya yolu ilə istədiyinə nail ola bilməz", - o əlavə edib.

Tramp iki ölkə razılığa gələ bilməsə, İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatlar başladacağı ilə hədələyib. Tehran isə ABŞ zərbə endirəcəyi halda cavab addımı atacağı barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG