ABŞ Avropa İttifaqı (Aİ) ilə ticarət sazişi bağlamağa ümid etmir, iyunun 1-dən oradan idxala 50 faizlik rüsum qoyulması qərara alınıb, - Amerika prezidenti Donald Tramp jurnalistlərə bildirib. Ağ ev rəhbərinin fikrini dəyişməsi üçün Aİ ölkələrinin nə edə biləcəyini soruşduqda o, "bilmirəm" cavabını verib.
"Razılaşma imkanını nəzərdən keçirmirəm... Onlar (Aİ ölkələri) ölkəmizlə düzgün rəftar etməyiblər. Bizdən faydalanmaq üçün birləşiblər", - o deyib.
Tramp istehsalı Birləşmiş Ştatlara köçürsələr, Avropa şirkətləri üçün rüsumların olmayacağını vurğulayıb və zavodlar inşa olunduğu müddətcə tariflərin təxirə salınacağını ehtimal edib.
Bundan əvvəl Amerika prezidenti Brüssellə danışıqların heç bir nəticə vermədiyini bildirərək iyunun 1-dən Aİ-dən gələn mallara 50 faizlik rüsumların tətbiqini tövsiyə etmişdi. Trampın sözlərinə görə, Aİ "son dərəcə çətin tərəfdaş çıxıb", onun hərəkətləri isə – ticarət baryerləri, vergilər, valyuta manipulyasiyası, Amerika şirkətlərinə qarşı məhkəmə iddiaları və s. – 250 milyard dollardan çox ticarət kəsirinə gətirib çıxarıb.
Aprelin 2-də Tramp bir sıra ölkələr üçün 10-50 faiz arasında "güzgü" rüsumlarını açıqlayıb. Aİ üçün tarif 20 faiz idi. Brüssel cavab tədbirlərini - brilyant, diş ipi, kolbasa, qoz-fındıq və soya da daxil olmaqla bir sıra Amerika mallarına 25 faizlik rüsum tətbiq etməyi nəzərdən keçirirdi.
Ancaq aprelin 9-da ABŞ prezidenti "güzgü" rüsumlarının tətbiqinə 90 günlük fasilə elan edib. Brüssel də "danışıqlara şans vermək" üçün əks tədbirlərin tətbiqini təxirə salıb. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen o zaman xəbərdarlıq etmişdi ki, danışıqlar uğursuz olarsa, əks tədbirlər qüvvəyə minəcək. O, "sıfır tarif" siyasətini təklif edib, lakin Tramp bunu qeyri-kafi sayaraq rədd edib.
Mayın 17-də "The Financial Times" yazırdı ki, Aİ və ABŞ tarif danışıqları çərçivəsində ilk dəfə sənəd mübadiləsi aparıblar. Aİ-nin ticarət komissarı Maroş Şefçoviç vurğulayıb ki, birlik böyük həcmdə Amerika qazı, silahı və kənd təsərrüfatı məhsulu almaqla ABŞ ilə ticarət kəsirini azaltmaq istəyir. Bununla belə, Brüssel Vaşinqtonun ƏDV-nin ləğvi və ya rəqəmsal texnologiyalar sektorunda tənzimləməni və vergiləri yumşaltmaq tələblərini qəbul etməyə hazır deyil.